Naqif Həmzəyev: Heydər Əliyev ruhən hər birimizin qəlbindədir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a bildirib ki, Heydər Əliyev cismən yanımızda olmasa da, ruhən hər birimizin qəlbindədir:

"Ümumilli Lider qəlbimizi elə fəth edib ki, biz hər an onu yad edirik. Onun məhz Azərbaycan üçün etdiklərini nəzərdən keçirdikdə isə hər zaman Ulu Öndərə təşəkkürlərimizi bildiririk. Heydər Əliyevin həyatına nəzər yetirdikdə görürük ki, onun həyatı Azərbaycan tarixi ilə paralellik təşkil edir. O, öz yaşam dövrünü Azərbaycan dövlətinə və xalqına həsr edib. Sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev sanki bilirdi ki, dövlətimiz nə zamansa müstəqil olacaq. Həmçinin Azərbaycanın müstəqil olacağı zaman üçün hazırlıqlar görürdü. Ölkəmizin ittifaq səviyyəsində birinci sıraları tutması, strateji və önəmli fabrik və zavodların məhz Azərbaycanda tikilməsinə nail oldu. İkinci dəfə də xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gəldikdə Azərbaycanın ən ağır və çətin dönəmi idi. O isə gəlməsi ilə qardaş qırğınını dayandırdı. Azərbaycanın parçalanması və işğalçılıq dövlətlərin ölkəmizi məhv etməsinin qarşısını aldı. İqtisadiyyatı yenidən qurdu. "Azərbaycan" sözünü dünya tarixinə və dövlətləri sırasına ömürlük həkk etdi. Dövlətin enerji resurslarını dünya bazarına çıxarmaq üçün "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu isə mümkünsüzü mümkün etmək demək idi. Onun bu addımı yalnız Azərbaycan iqtisadiyyatı üçün önəmli addım deyildi. Bu eyni zamanda enerji resurslarımızın, milli təhlükəsizliyimizin, suverenliyimizin və mövcudluğumuzun qorunması üçün də zəmin oldu".

Parlament üzvü qeyd söylədi ki, Heydər Əliyev atəşkəsin əldə olunmasına nail olmaqla xarici qüvvələrin işğal altında olan Qarabağı Ermənistana peşkəş çəkməyinin qarşısını aldı:
"Bu münaqişənin dondurularaq zamanla Azərbaycanın Qarabağı Ermənistana güzəştə getməsinə imkan vermədi. Ümumilli Lider Azərbaycan ordusunu yenidən quraraq ikinci Qarabağ savaşındakı qələbə üçün zəmin yaratdı. Ölkəmizin gənclərini mühüm vəzifələrə gətirərək milli kadrların formalaşması və Azərbaycanın suveren, hüquqi dövlətçilik yolunda irəliləməsinə imkan verdi. Ümumiyyətlə, Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət nəticəsində bu gün daha böyük uğurlara nail ola bildik. Allah Ulu Öndərə rəhmət etsin, ruhu şad olsun! Heydər Əliyevin ruhu şaddır. Çünki Prezident İlham Əliyev onun arzularını və vəsiyyətini yerinə yetirdi. Bu siyasət bizi daha böyük zirvələrə aparıb çıxaracaq. Nə qədər ki Azərbaycan var, Ulu Öndər həmişə yaşayacaq".