Cəlilabad rayonunda yerləşən Paşatəpə arxeoloji abidəsində aşkar edilmiş daş kürənin elmi analizinin nəticələri məlum olub.
Teleqrafın Cənub bürosu xəbər veri ki, bu barədə arxeoloji qazıntılara rəhbərlik etmiş tarix elmləri doktoru Vəfa Mahmudova məlumat verib.
Onun sözlərinə görə, Tokio Universitetinin Muzeyinin direktoru, professor Yoşihiro Nişiaki və Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının tədqiqatçısı Karolina Hruby tərəfindən aparılan araşdırmalar nəticəsində daş kürənin keramikasız Neolit dövrünə aid olduğu müəyyənləşdirilib.
Mütəxəssislər tapıntının tipoloji xüsusiyyətlərinə görə Levant tipli artefakt olduğunu təsdiqləyiblər.
Bu elmi nəticə Paşatəpə abidəsindən aşkar olunan daş kürənin Cənubi Qafqazda analoqunun olmadığını göstərir.
Vəfa Mahmudovanın əvvəlcədən irəli sürdüyü elmi mülahizənin mütəxəssislər tərəfindən təsdiqlənməsi Paşatəpənin arxeoloji əhəmiyyətini daha da artırır.
Nəticələr eyni zamanda Paşatəpə abidəsinin Neolit dövrünün daha erkən mərhələlərində məskunlaşmış ola biləcəyi ehtimalını gücləndirir.
Beləliklə, Cəlilabadda aşkar edilmiş daş kürə Cənubi Qafqazın erkən Neolit tarixinin öyrənilməsi baxımından mühüm arxeoloji tapıntılardan biri kimi qiymətləndirilir.