Bu gün Xocalı soyqırımının 34-cü ildönümüdür.
Sherg.az xəbər verir, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağ müharibəsi zamanı Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi yadda qalıb.
Rəsmi məlumatlara görə, hücum nəticəsində 613 nəfər qətlə yetirilib. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Yüzlərlə insan yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi uzun illər naməlum qalıb.
Faciə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Azərbaycan dövləti Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyır və bu cinayətin beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət alması istiqamətində ardıcıl fəaliyyət göstərir.
Son illər bir sıra ölkələrin parlamentləri və ABŞ-ın ayrı-ayrı ştatları Xocalı hadisələri ilə bağlı qətnamələr qəbul edərək qətliamı pisləyiblər. “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam etdirilir.
Hər il fevralın 26-da ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi ehtiramla anılır, abidələr önünə gül dəstələri düzülür, silsilə anım mərasimləri keçirilir.
Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayır.