Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı


Bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2019/2020-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə avqustun 31-dən sentyabrın 4-dək ixtisas seçimi aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.

Tam orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində bu il bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

İxtisas seçimi avqustun 31-dən sentyabrın 4-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından "məqbul" alan və test imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.