Dövlət İmtahan Mərkəzi 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
İmtahanda iştirak edənlər DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
İmtahanlarda iştirakı nəzərdə tutulan 20896 nəfərdən 463 nəfər imtahana gəlməyib. 10 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahan nəticəsi ləğv olunub.
Buraxılış imtahanlarının nəticələri qənaətbəxşdirmi? Təhsilin səviyyəsində artım var, yoxsa zəifləmə müşahidə olunur?
Suallarımızı cavablandıran təhsil eksperti Nabatəli Qulamoğlu “Sherg.az” a bildirib ki, hazırda yekun nəticə demək tezdir:
“Pandemiya ilə bağlı təhsil sistemində çox ciddi itkilər oldu. Onlayn dərslər gözlənilən effekti vermədi və verədə bilməzdi. Dərslərin onlayn keçirilməsi təbii ki, abituriyent imtahan nəticələrinə təsir göstərəcək. Bununla yanaşı keçən ildən fərqli olaraq bu il imtahanda istifadə olunan test tapşırıqları nöqsanlı və çətindir. İmtahan nəticələri qarşıya qoyulan sualların mahiyyətindən asılıdır. Əgər asan suallar olarsa, abituriyentlər yaxşı bal toplayacaq, çətin suallar qoyularsa bu, imtahan nəticələrinə mənfi təsir göstərəcək”.
N.Qulamoğlunun sözlərinə görə, imtahanda verilən suallar təhsil sahəsində görülən işlərə uyğun olmalıdır:
“Yekun fikir bildirməyə çətinlik çəkirəm. Məncə, bu il ali məktəblərə qəbul imtahanlarında toplanan ballar aşağı olacaq. Qarşıda hələ buraxılış imtahanları var. Əgər imtahana orta səviyyəli suallar salınarsa, nəticələrə müsbət təsir göstərəcək.
Fidan Həbibli