Azərbaycanda növbəti buraxılış imtahanları keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzindən "Sherg.az"a verilən xəbərə görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Daşkəsən, Gədəbəy, Tovuz, Şamaxı, Şəki, Bərdə, Ağcabədi, Ucar, Şirvan, Lerik və Qusarda olmaqla, ümumilikdə 11 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 67 imtahan binası, 1072 imtahan zalı, 67 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1395 nəzarətçi – müəllim, 134 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən imtahanda hər hansı qayda pozuntusu (mobil telefon və s.) baş verməyib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 3-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

09:16

Bu gün 11 şəhər və rayonda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

Dövlət İmtahan Mərkəzindən "Sherg.az"a verilən xəbərə görə, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanlar saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      imtahana buraxılış vərəqəsini; 

-      Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız); 

-      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahanlarda 13450 şagirdin (abituriyentin) iştirakı nəzərədə tutulur. 

İmtahanların təşkil edilməsi üçün 67 imtahan binası, 1072 imtahan zalı, 67 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1395 nəzarətçi – müəllim, 134 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq: 

• Əvvəlki illərin məzunları üçün I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı (Naxçıvanda);

• 9-cu sinif üzrə buraxılış imtahanları; 

• 11-ci sinif üzrə buraxılış imtahanları; 

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları; 

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilir;

• Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı (Naxçıvanda).