MÜHÜM TƏKLİF: “Dövlət universitetlərində təhsil pulsuz olsun !”

“Kimlərsə  özəl ali təhsil ocaqlarında təhsil almaq istəyərlərsə, onlar üçün də təhsil kreditləri olmalıdır”


Hər il çoxlu sayda abituriyent universitetlərə qəbul olunaraq tələbə adını qazanır. Lakin indi universitetdə oxumaq heç də asan deyil. İllik təhsil haqqları yüksək olduğuna görə bəzi ailələrin maddi vəziyyəti aşağı olduğundan ödəniş edə bilmirlər. Bu məsələ təhsil kreditlərinin verilməsini növbəti dəfə gündəmə gətirir. Amma hələ ki, bu istiqamətdə real addımların şahidi olmuruq. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan universitetlərində, xüsusilə dövlət müəssisələrində ali təhsilin pulsuz olması çox vacibdir. Bu zaman təhsil kreditlərinə ehtiyac qalmaz:

“Artıq Avropa ölkələrində dövlət dilində təhsilin pulsuz olması haqqında qərarlar qəbul edilib. Azərbaycan dövlət ali təhsil ocaqlarında təhsilin pulsuz  olması ilə bağlı addımlar atılmalıdır. Əgər  özəl universitetlərdə təhsil almaq istəyənlər varsa, onlarla bağlı dövlətin apardığı siyasət təhsil kreditlərinin bura aid edilməsinə xidmət edə bilər. Təhsil kreditləri kifayət qədər əlçatan olmalıdır. Bir çox ölkələrdə tələbələrin təhsil aldığı müddətdə faizlər hesablanmır. Təhsil bitdikdən sonra işə düzələndə faiz hesablanır  və  borcla birlikdə geri qaytarılmasına qərar verilir. Konseptual olaraq yeni yanaşmaya ehtiyac var”. 

N.Cəfərlinin sözlərinə görə, 4 il təhsil müddətində faizsiz kredit olsa, bu, tələbələrin, valideynlərin işini asanlaşdırar:

“Bununla bağlı verilən qərar  tələbələr, ailələr üçün  yaxşı fürsət yarada bilər və onlar gələcəyə daha ümidlə baxarlar. Əgər faizlə hesablansa, bu vəsaiti ödəmək daha çətin, ağır şərtlər üzərində olacaq”.

Fidan Həbibli