"Dərslərin sentyabrda başlayacağını demək hələ tezdir - Əməkdar müəllim

"Yalnız ibtidai sinif şagirdlərinin ənənəvi təhsilə cəlb edilməsinin tərəfdarıyam"

“Ümid edirik ki, sentyabr ayından ənənəvi formada dərslərə başlayacağıq”.
 Bu sözləri Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bir neçə gün əvvəl verdiyi müsahibəsində deyib. O, bildirib ki, bütün gözlənilməzliklərə hazır olmalıyıq: “...Görülməli olan işlər çoxdur. İndi də işlər görülür. Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür”. 

 Təhsil eksperti, Əməkdar müəllim Almaz Həsrət sözügedən məsələ ilə “Sherg.az”a danışıb. O, indidən qəti bir söz deməyin qeyri-mümkün olduğu qənaətindədir:



“Bizi nələrin gözlədiyini bilmirik. Yəni qəti  danışmaq olmaz. Vəziyyətin tam düzələcəyi ilə bağlı heç kim əminliklə bir söz deyə bilməz. Hər halda Nazirlər Kabineti yanında Operativ Qərargan vəziyyətə uyğun olaraq qərar verəcək. Təhsil alanlar da həmin qərara uyğun davranacaqlar”. 

A. Həsrətin yeni tədris ilindən etibarən dərslərin necə davam etməsi barədə təklif də verdi:

“İbtidai sinif şagirdləri hələ onlayn təhsil vərdişlərinə yiyələnməyiblər. Ona görə də yalnız ibtidai sinif şagirdlərinin ənənəvi təhsilə cəlb edilməsinin tərəfdarıyam. Bu zaman məktəblərdəki sıxlıq problemi də həll olunar. Şagirdlər siniflər üzrə 10-10, 15-15 bölünə və beləliklə, həm də sosial məsafəni qoruya bilərlər. Yuxarı siniflərdə oxuyanların təhsillərini distant formada davam etdirmələri isə onlar üçün heç bir problem yaratmaz. Həmin kateqoriyadan olanlar da sonradan tədricən məktəblərə qayıda bilərlər. Yəni bu proses mərhələli şəkildə aparılmalıdır”. 

Əməkdar müəllim, həmçinin ali məktəblər haqqında da danışdı:

“Biz gördük ki, bir çox ali təhsil müəssisələri, o cümlədən BDU, APU, “Avrasiya” universiteti, “Xəzər” universiteti və başqaları bu sınaqdan uğurla çıxdılar. Tədrisi distant davam etdirməklə yanaşı, imtahanlar da uğurla başa çatdı. Deməli, hələ bir müddət ali məktəblər də bu təcrübədə istifadə edə bilərlər”.