Yeni nazirə ümid böyükdür: “Təhsilimiz beynəlxalq arenada...”

“Şagirdlərimizin olimpiyadalardakı uğurları, ölkəmizin təhsil sistemində innovativ meyarların böyük əksəriyyəti məhz onun fəaliyyətinin nəticəsidir”


Prezident İlham Əliyevin sərəncamı ilə Emil Əmrullayev təhsil naziri təyin edilib. Qeyd edək ki, E.Əmrullayev Macarıstanın Budapeşt şəhərində Sənaye və Texnologiya Universitetindən təhsil alıb. Daha sonra ABŞ-da Vaşinqton Universitetinin magistraturasını Menecerlik ixtisası üzrə bitirib. Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin həmtəsisçisi olub. E.Əmrullayev həmçinin Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sonradan o, Ceyhun Bayramovun əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Onun peşəkar təhsil işçisi kimi tanındığı bildirilir. 



Yeni təyinata dair “Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, Emil Əmrullayev 6 ildir Təhsil Nazirliyinin sistemində çalışır. Ekspertin sözlərinə görə, yeni nazir bu illər ərzində tutduğu vəzifədən asılı olmayaraq səmimiliyi ilə seçilib: 

“Son illər Azərbaycan təhsilində böyük uğurlar əldə olunub. Amma bu uğurların içində elələri var ki, konkret Emil müəllimin adı ilə bağlıdır. Şagirdlərimizin olimpiyadalardakı uğurları, ölkəmizin təhsil sistemində innovativ meyarların böyük əksəriyyəti məhz onun fəaliyyətinin nəticəsidir.

Bu gün Azərbaycan şagirdləri beynəlxalq olimpiyadalarda uğur qazanıb medal əldə edirlərsə, bu, birbaşa Emil müəllimin yaratdığı mərkəzlər nəticəsindədir.

Təhsildə innovativ layihələrin həyata keçirilməsi və dəstəklənməsi üçün qrant layihələr onun fəaliyyətini ilə əlaqədadır. Emil müəllim peşəkar təhsil işçisidir. İnanıram ki, Azərbaycan təhsilindəki uğurlu islahatları davam etdirəcək və təhsilimizin beynəlxalq arenada irəliləməsində töhfəsi olacaq.

Çünki gəncdir, dinamikdir və uğurlu islahatları davam etdirəcək perspektivə malikdir”.