Professor da sevinir: “Yeni ixtisaslar yaranır”

“İndi texnoloji yeniliklər daha intensiv xarakter daşıyır”

“Texnoloji sürprizlərdən geri qalmamaqdan ötrü məşğul olduğun ixtisası, ələlxüsus İKT-ni yaxşı bilmək lazımdır”


Bakı Dövlət Universitetində 2020/2021-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb. Biotexnologiya, turizm işinin işinin təşkili, geomatika və geodeziya mühəndisliyi, beynəlxalq ticarət və logistika və s. kimi ixtisaslar buna misaldır. Göründüyü kimi, adıçəkilən ixtisaslar müasir dövrün tələblərinə tam cavab verirlər. Deməli, İKT-in inkişafı ilə əlaqədar müntəzəm olaraq ixtisaslar da dəyişməli, köhnələr yenilənməlidir. 

 Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov bu barədə “Sherg.az”a danışıb. O, ixtisasların yenilənməsinin təbii olduğu qənaətindədir: 

“BDU-da yeni ixtisasların açılması məni çox sevindirdi. Deməli, necə deyərlər, zamanın nəbzini tutmağı bacarırıq. Ümumiyyətlə, bu, təəccüblü deyil. Bəşəriyyət, cəmiyyət hər ötən gün inkişaf edir. Tərəqqi özü ilə birlikdə yeni problemlər gətirir. Həmin məsələləri həll etməkdən ötrü isə yeni ixtisaslar yaranır”. 

 Ş.Əsgərovun fikrincə, indi texnoloji yeniliklər daha intensiv xarakter daşıyır:

 “Hazırda lazımsız görünən bir ixtisas 50 il əvvəl çox müasir idi. Bu gün açılan ixtisaslar isə yarım əsr sonra köhnələcək. Bu, zamanın çağırışıdır, inkişaf dinamikasıdır. Amma gələcəyi görmək çox çətindir. İndiki dövrdə isə, ümumiyyətlə, mümkün deyil. Çünki inkişaf gözlə qaş arasındadır. Məsələn kitab çapı ilə mexaniki saatın ixtirası arasında 300 il fərq var. Radio ilə televiyanın ixtirası arasındakı fərq isə cəmi on ildir. Lakin hazırda, az qala, hər gün yeni nə isə yaradılır. “Texnoloji stimulyarlıq” termini məhz haqqında danışdığımız bu sürətli inkişafı özündə ehtiva edir”. 

 Professor diqqətə çatdırıb ki, sözügedən inkişafdan geri qalmamaq üçün təhsil, dünyagörüşü şərtdir: 

“Yəqin ki, “Uber” taksilərdən xəbəriniz var. Bu sosial kəşfin mahiyyətində müştəriyə ehtiyacı olan sürücü ilə, taksi axtaran sərnişini görüşdürmək dayanır. Belə nümunələr çoxdur. Hər gün bizi bir yenilik gözləyir. Texnoloji sürprizlərdən geri qalmamaqdan ötrü məşğul olduğun ixtisası, ələlxüsus İKT-ni yaxşı bilmək lazımdır”.