Professor da təsdiqlədi: “Dil sərt kalkalardan təmizlənməlidir”

““Tələb olunur” ifadəsini  “Axtarılır”, “Ehtiyac var”la əvəz etməliyik”

Müxtəlif ictimai iaşə obeyektlərinin qapısındakı “Satıcı tələb olunur”, “Kassir tələb olunur” və s” ifadələr yəqin ki, çoxlarımızın diqqətini çəkib. Bəzən bunun fərqinə varmasaq da, ifadədəki kobudluq danılmazdır.

Başqa bir məsələ isə alıcıların satıcalara müraciətlə işlətdikləri “İstəyirəm”, “Bunu ver” kimi qəti sözlərdir. Hər halda bu felləri arzu şəkilində, yəni “İstərdim” kimi də tələffüz etmək mümkündür. Həm nəzakət göstəricisidir, həm də daha yaxşı səslənir. 

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoy qeyd etdiyimiz məsələlərlə bağlı “Sherg.az”a fikrini bildirib:
 
"“Tələb olunur” ifadəsinin yanlışlığı ilə razıyam. Bu birləşmə məni çox narahat edir. Bilirsiz, rus dilindən hərfi tərcümə, yəni kalka olduğuna görə belə sərt və tamamilə səhvdir. Onu “Axtarılır”, “Ehtiyac var”la əvəz etməliyik. Ümumiyyətlə, dil sərt səslənən kalkalardan təmizlənməlidir. Digər məqam isə mübahisəlidir. Əslində o sözün doğru tələffüzü nə “İstəyirəm”, nə də “İstərdim”dir. “İstiyirəm” olmalıdır. Məncə, “İstərdim” bir az süni səslənir. Ən yaxşısı, “Lazımdır” deməkdir. Məsələn “Çörək istəyirəm”, “Çörək istərdim” yox, məhz “Çörək lazımdır”.