DİM sözçüsü açıqladı: “Əlavə imtahana vaxtımız yoxdur” - Yekunlaşmalıdır !

Məlum olduğu kimi builki buraxılış və qəbul imtahanları pandemiya dövrünə təsadüf etdi. Amma daha çox diqqət çəkən məqam virusa yoluxan şagirdlərin imtahana buraxılmaması oldu. 
Bəzi iddialara əsasən Dövlət İmtahan Mərkəzi (DİM) birinci imtahanda iştirak etməyənlər üçün şərait yaradıb. Birinci turda iştirak edən, sonra virusa yoluxan tələbələr üçün isə heç bir güzəşt nəzərdə tutulmayıb. Bu kateqoriyaya daxil olan tələbələrin ancaq gələn ilin yayında imtahan verə biləcəyi deyilir.               

Mövcud durumla bağlı fikirlərini “Sherg.az”la bölüşən Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə  bildirib ki, DİM tərəfindən iyun ayının 10-dan etibarən buraxılış və qəbul imtahanlarının keçirilməsinə başlanılıb. Bu tarixdən sonra keçirilən bütün imtahanlar pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub.  X.Xanlarzadə qeyd edib ki, imtahan özlüyündə kütləvi bir prosesdir, on minlərlə insan iştirak edir:

“Əsas məqsədimiz, hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı insanların sağlamlığına hər hansı bir təhlükənin yaranmaması üçün bir sıra tədbirlər həyata keçirilib. 
Bu tədbirlərdən biri də iştirakçının sağlamlıq haqqında bəyannamə təqdim etməsi və binaya daxil olarkən bədən  temperaturunun ölçülməsidir. Bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, hər imtahandan sonra bununla bağlı məlumat verilib. Ümumilikdə, iyun-iyul ayları ərzində keçirilən imtahanlarda 40-a yaxın belə hal olub”.

DİM rəsmisi bildirib ki, indiyə qədər imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlər DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra  növbəti imtahan günlərinin birində iştirak üçün şərait yaradılıb:

“Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış və qəbul imtahanları bir neçə dəfə keçirilib və ay yarımdan artıq davam edib.  Buna görə də həmin şəxslərin imtahan verməsi üçün imkan yaradılıb. 

Qəbul imtahanlarına gəldikdə isə imtahanların ikinci mərhələsinin II və III ixtisas qrupları üzrə 13-14 avqust, I və IV ixtisas qrupları üzrə ondan sonrakı həftədə 2 gün ərzində keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə qəbul imtahanlarının ikinci mərhələsi 2 dəfə keçirilirdi. Bu imkan verirdi ki, bir imtahanda iştirak edə bilməyənlər növbəti imtahanda iştirak etsin.

Lakin pandemiya şəraitinə görə DİM-in hələ yanvar ayında elan etdiyi qrafikdə dəyişikliklər edildi. Mart, aprel, may aylarında keçirilən imtahanlar, eləcə də qəbul imtahanlarının 2 dəfə keçirilməsi təxirə salındı.  İyun ayından etibarən isə sıx qrafiklə təxirə salınan  imtahanlar keçirilib.  İndiki halda əlavə qəbul imtahanlarının keçirilməsi üçün vaxt yoxdur. Qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil”.

Ekspertin sözlərinə görə, hətta üzrsüz səbəbdən imtahanlarda iştirak edə bilməyənlər üçün avqustun 13-14-də şərait yaradılıb:

“Sadəcə bundan sonrakı imtahanlar üçün vaxt yoxdur. Çünki qəbul imtahanları cəmi 8 gün ərzində keçirilib başa çatacaq. Ona görə də əlavə imtahan keçirməyə vaxtımız yoxdur. Proses yekunlaşmalıdır”.

X.Xanlarzadə vurğulayıb ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb bir prosesdir və təkcə imtahandan ibarət deyil:

“İmtahandan sonra iştirakçıların materialları emal edilməli, nəticələri açıqlanmalıdır. Bundan sonra isə abituriyentlər  ixtisas seçimi etməlidirlər ki, müsabiqə həyata keçirilsin. Növbəti mərhələdə isə qəbul olunanlar qeydiyyatdan keçməlidirlər.  Göründüyü kimi bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Hər hansı bir mərhələdə ləngimə ümumi prosesə təsir edir və məqsədəuyğun hesab olunmur”.