Mütəxəssis: “İbtidai siniflərin əyani dərslərə başlaması vacibdir” 

“Təcrübə göstərdi ki, onların distant tədrisdə iştirak etmələri lazımi effekti vermir”

“Müəllim şagirdinə yazı yazmağı onlayn qaydada öyrədə bilməz. Bu, nəinki çətin, mümkünsüzdür”


Rusiyada orta məktəblərdə dərslər sentyabrın 1-də əyanı formatda başlayacaq. Bu barədə Rusiyanın Maarif  Nazirliyindən bildirilib. 
Nazirlik dərslərin sanitar təhlükəsizlik tədbirlərinə riayət olunmaqla sentyabrın 1-də əyani formatda başalayacağını açıqlayıb. 
Məlumatda o da qeyd olunub ki, ölkə ərazisində 36 mindən çox təhsil təşkilatı yeni təhsil ilinin başlanmasına hazırdır.



 Təhsil eksperti Məlahət Mürşüdlü sentyabrdan etibarən ölkəmizdə hansı təcrübənin tətbiq olunması haqqında fikirlərini “Sherg.az”a söyləyib:

 “İndidən dəqiq nə isə demək çətindir. Bu, xeyli dərəcədə virusun bir ay sonrakı səviyyəsindən asılıdır. Hər halda iki variantımız var və onların hər birinə hazır olmalıyıq. Dərslərin ənənəvi formada başlanması istisna deyil.

Deməli, müəyyən tədbirlər indidən görülməlidir. Məsələn dərslərin müddətinin iki dəfə azaldılacağını, yəni 20-25 dəqiqə olacağını nəzərə almalıyıq. Həmçinin sanitariya məsələlərinə diqqət göstərilməli, xüsusilə su qovşaqlarındakı problemlər həll olunmalıdır”. 

M.Mürşüdlünün fikrincə, ibtidai sinif şagirdlərinin əyani dərslərə başlaması daha vacibdir: 

“Koronavirusla bağlı vəziyyətin necə dəyişəcəyindən asılı olmayaraq, ibtidai sinifdə oxuyanlar məktəbə getməlidirlər. Təcrübə göstərdi ki, onların distant tədrisdə iştirak etmələri lazımi effekti vermir. Əlbəttə, müəllim şagirdinə yazı yazmağı onlayn qaydada öyrədə bilməz. Bu, nəinki çətin, mümkünsüzdür”.