"Bu varianta əsasən, bəzi siniflər onlayn, bəziləri isə ənənəvi təhsil sistemindən yararlana bilər”
Təhsil institutu dərslərin məsafədən davam etdirilməsi barədə təklif verib. Buna dair tədris vəsaitləri və resursların mövcud proqramlara uyğun hazırlanması tövsiyə edilib. Görünür, sentyabr üçün dərslərin distant formada başlanması daha realdır.
Təhsil eksperti Nadir İsrafilov yeni tədris ili barədə fikirlərini “Sherg.az”a bildirərkən hibrit tədris prosesini də istisna etməyib:
“Məktəblərin açılmasına hələ ki bir ay qalmış yeni tədris ilində dərslərin başlanması, hansı formada təşkili ilə bağlı yekun qərar çıxarmaq o qədər də real görünmür. Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir. Gələcək fəaliyyət hər şeydən əvvəl dinamikadan asılı olan məsələdir. Bununla belə, sabah hadisələrin hansı axarda cərəyan edəcəyinə heç kim təminat verə bilməz Yəni epidemioloji vəziyyətlə bağlı artım və azalma dinamikasından da asılı olaraq məsələnin həllinə yanaşılmalıdır.
Deməli, əgər yoluxma sayının kəskin aşağı düşmə prosesi davam etsə, ənənəvi forma tətbiq oluna bilər. Əgər virus daha da kəskinləşsə, məsafədən təhsil həyata keçiriləcək. Bunlarla yanaşı üçüncü - hibrit variant da var. Bu varianta əsasən, bəzi siniflər onlayn, bəziləri isə ənənəvi təhsil sistemindən yararlana bilər. Təbii ki, bunlar işin gedişatından asılı olacaq.
Hələ ki, müzakirələr davam edir. Ümumi ictimai rəyin öyrənilməsinin təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsiplərinin bərqərar olunmasında rolu və əhəmiyyəti danılmazdır.
Şübhəsiz ki, bu rəy və təkliflər ümumi nəticəyə gəlməkdə, yekun qərar çıxarmaqda öz rolunu oynayacaq.
Bu ayın əvvəllərində Təhsil Nazirliyinin bir neçə rəsmisinin də qatıldığı İctimai Şuranın üzvləri ilə Təhsil naziri Emin Əmrullayevin videokonfrans formatında keçirilən görüşündə bir sıra məsələlər, əsasən də yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, təhsil ictimaiyyətini maraqlandıran bir sıra digər ümdə məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.
Yekdilliklə qeyd edilib ki, bütün görülən və bundan sonra görüləsi işlər pandemiya şəraiti nəzərə alınmaqla, müvafiq təlimatlara uyğun fəaliyyət prinsipləri əsasında qurulacaq. Onlayn görüşdə əsas diqqət mərkəzində olan məsələ pandemiya şəraiti ilə əlaqədar yeni dərs ilində tədris prosesinin təşkili ilə bağlı yanaşmalara və sonrakı dövr üçün nəzərdə tutulan işlərə münasibət olub.
Məlum olduğu kimi müxtəlif KİV-də və sosial mediada yeni dərs ilinin onlayn və ya ənənəvi formada başlanacağı barədə müxtəlif versiyalar, proqnozlar irəli sürülür ki, bu da genış ictimaiyyət arasında müəyyən çaşqınlıq yaradır. Bir daha vurğulanıb ki, pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır”.
N.İsrafilovun fikrincə, indidən konkret bir söz demək çətindir və biz bütün hallara hazır olmalıyıq:
“Nazir bu günlərdə ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib, koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Təhsil İnstitututunun COVİD-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələri ictimaiyyətə təqdim edilib, geniş müzakirələrə səbəb olub. Başqa sözlə, hər bir vəziyyətə hazır olmalıyıq. Hər şey hadisələrin sonrakı gedişatından, yəni dinamikadan asılıdır.
Pandemiya zamana bağlıdır və vəziyyətə uyğun fəaliyyət növü seçiləcək, dinamikaya müvafiq tədris prosesi təşkil olunacaq. Baxmayaraq ki, əksəriyyət tezliklə məktəblərin açılması, dərs ilinin ənənəvi formada başlanmasının tərəfdarıdır. Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, ən geci avqustun sonlarına məsələyə rəsmi aydınlıq gətiriləcəkdir. Bir sıra həllini gözləyən məsələr var. Onlar aidiyyatı qurumlarla həll edilməlidir.
Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və s. kimi amillər nəzərə alınmalıdır.
Pandemiyadan asılı olmayaraq. "Virtual məktəb" layihəsi, teledərslər, distant və məsafədən təhsilin digər modellərinin tətbiqinin davam etdirilməsi təhsilimizin modernləşməsi, interaktivliyin təmin edilməsi və gələcəkdə yeni sınaqlara hazır olması baxımından irəliləyiş olar. Çox ehtimal ki, avqustun sonlarına qədər tədrisin təşkili forması barədə rəsmi açıqlama verilər”.