Məktəbəhazırlıq qruplarına alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başladı

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən "Sherg.az"a verilən məlumata görə, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi formada təşkil olunub. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Bütün digər hallarla bağlı isə valideynlər şəxsi kabinetlərindəki "Əlaqə" bölməsinə yazaraq müraciət edə bilərlər.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə avqustun 18-dən start verilib. Valideynlər (qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının və özünün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə isə avqust ayının 20-dən başlanılacaq.

2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına yalnız 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.