Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası yaradılıb

Bu günlərdə ölkəmizin elmi, ədəbi, ictimai həyatında çox əlamətdar bir hadisə baş verib - “Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Birliyin rəhbəri Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır.

Assosiasiyanın məqsəd və vəzifələrini AZƏRTAC-a şərh edən akademik K.Abdulla deyib: “Azərbaycanda həmişə peşəkar tərcüməçilər olub. İstər peşəkar, istərsə də gənc tərcüməçilərin fəaliyyəti bu gün də uğurla davam edir. Lakin onların sistemli fəaliyyətini bir araya gətirən təşkilat olmayıb. Bu baxımdan yeni yaradılmış Assosiasiyanın məqsədi ictimai səviyyədə Azərbaycan tərcüməçilərini bir məqsəd ətrafında toplamaq, onların fəaliyyətini Azərbaycanı daha optimal şəkildə təbliğ etmək istiqamətinə yönəltmək, eyni zamanda, dediyim kimi, sistemli şəkildə əlaqələndirməkdir”.

Assosiasiyanın işi: Azərbaycan dilindən başqa dillərə tərcümə işi sistemli şəkildə qurulmalıdır

Azərbaycan dilinə tərcümə nümunələrinin çox olduğunu qeyd edən akademik K.Abdulla vurğulayıb ki, Assosiasiyanın fəaliyyətində Azərbaycan dilindən başqa dillərə tərcümə məsələləri xüsusi yer tutur: “Bu, tərcümə müstəvisinin çox vacib hissəsidir, tərcümə işimizdə böyük bir boşluqdur. Əgər biz ölkəmiz haqqında həqiqətlərin dünyaya daha yaxşı, optimal şəkildə çatdırılmasını arzu ediriksə, təbliğatı daha da gücləndirmək istəyiriksə, o zaman Azərbaycan dilindən başqa dillərə tərcümələri son dərəcədə sistemli, peşəkar səviyyədə qurmağı bacarmalıyıq. Bu, təkcə bədii ədəbiyyatla, ictimai-siyasi həyatla bağlı deyil. Bu, həm klassik və müasir nümunələrimizin, həm də multikultural dəyərləri təbliğ edən nümunələrin dünyanın bütün dillərinə tərcümə edilmə imkanını ortaya qoymaq deməkdir”.

Azərbaycan Dillər Universitetinin potensialı Assosiasiyanın fəaliyyətinə xüsusi töhfə verə bilər

Rəhbəri olduğu universitetdə 20-dən çox dilin tədris edildiyini diqqətə çatdıran rektor K.Abdulla burada nəinki ingilis, alman, fransız, ispan, hətta yapon, Koreya, İndoneziya dillərinin və digər dillərin mərkəzlərinin yaradıldığını bildirərək deyib: “Bizim müəllimlərimiz və tələbələrimiz həmin dil və mədəniyyət məkanları ilə sıx ünsiyyətdədirlər. Zənnimcə, bu ünsiyyəti yaşatmaq və inkişaf etdirmək üçün Peşəkar Tərcüməçilər Assosiasiyası müəyyən işlər görəcəkdir. Bu isə öz növbəsində, təbii ki, ölkəmizə, xalqımıza, bütövlükdə dövlətimizə konkret bir fayda gətirəcəkdir. Biz assosiasiyanın işində universitetin potensialından səmərəli şəkildə istifadə edəcəyik. Eyni zamanda, tərcüməçilik istiqamətində fəaliyyətini quran ali məktəblər, müxtəlif cəmiyyətlər, şirkətlərlə də əlaqələrimizi quracağıq”.

Peşəkar Tərcüməçilər Assosiasiyası və ölkəmizin multikultural mühiti

Azərbaycan multikulturalizminin dünyaya nümunə olduğunu qeyd edən akademik K.Abdulla ölkəmizdə yaşayan xalqların mədəniyyətini, ədəbiyyatını, tarixini zənginləşdirmək və inkişaf etdirmək üçün dövlətimiz tərəfindən bu gün çox işlər görüldüyünü vurğulayıb. Onun sözlərinə görə, Peşəkar Tərcüməçilər Assosiasiyası həm Azərbaycandan kənarda, həm də ölkə daxilində dillər və mədəniyyətlərlə ünsiyyət qurmağa çalışacaq: “Azərbaycanda yaşayan xalqlar bu gün bir-biri ilə Azərbaycan dilində danışır. Azərbaycan ruhu bu xalqların hər birinə xasdır və hər gün onlar Azərbaycan həqiqətlərini öz şəxsi həqiqətləri, dəyərləri kimi qəbul edirlər. Düşünürəm ki, bu xəttin güclənməsi üçün bizim peşəkar tərcüməçilərimizin deməyə sözü olacaqdır”.

“Nəyi istəyirəm, onu da tərcümə edirəm” prinsipinə yol vermək olmaz

“Əgər biz Azərbaycanda tərcümə işini sistemli şəkildə qururuqsa, onda, eyni zamanda, ölkəmizdə fransız dilindən ingilis dilinə, ingilis dilindən alman dilinə, alman dilindən italyan dilinə tərcüməçiliyin də heç olmasa əlifbasını qurmalıyıq. Çünki tərcümə işi çox geniş məsələdir. Bizim o istiqamətdə, habelə sinxron tərcüməçilərimiz, bədii, ictimai-siyasi ədəbiyyatı tərcümə edənlərimiz olmalıdır. Tədris prosesi ilə Assosiasiyanın sıx əlaqəsini qura bilsək, sadalanan sahələr üzrə peşəkar tərcüməçilər, sinxronçular hazırlanar.

Bu gün universitetdə həmin dilləri kifayət qədər yüksək səviyyədə bilənlər var. Amma o da var ki, dil bilənlərin heç də hamısı tərcüməçi ola bilmir. Ona görə də biz dil bilənlərin arasından tərcüməçiləri seçib ayırmağı bacarmalıyıq. Bütün bunlar böyük bir prosesdir. Biz Azərbaycan dilini və xarici dilləri yaxşı bilən adamın dilimizdən başqa bir dilə olan tərcüməsini ona bir xarici mütəxəssis qoşmaqla həyata keçirə bilərik. Bu mənada biz hələlik ikili və üçlü müştərək tərcüməçilərdən istifadə etməli olacağıq: yəni bir bizim tərcüməçimiz, bir də xarici dil daşıyıcısının iştirakı”. 

Akademikin fikrincə, tərcümə edilmiş əsər ölkə, cəmiyyət üçün faydalı olmalıdır. Bu halda “nəyi istəyirəm, onu da tərcümə edirəm” prinsipinə yol vermək olmaz. Assosiasiya tərcümə strategiyasını və sistemini yaratmaq istiqamətində nəşriyyatlarla, qəzetlərlə, jurnallarla, informasiya agentlikləri ilə əməkdaşlıq edəcək. “Biz xalqımızın ən müxtəlif zümrələrinə nə lazım olduğunu müəyyən etməliyik.

Bu sahədə isə spektr çox genişdir. Məsələn, ədəbiyyatdan danışırıqsa, qədim, klassik, orta əsrlər, intibah, maarifçilik dövrləri, XIX, XX əsrlər və nəhayət müasir dövr ədəbiyyatı var. Peşəkar tərcüməçinin bütün bunlar barədə heç olmasa ümumi təsəvvürü olmalıdır. Çünki hətta müasir ingilis ədəbiyyatından edilən tərcümə işində mifoloji biliyə ehtiyac yarana bilər” , -deyə Assosiasiyanın rəhbəri qeyd edib.

Eyni zamanda, klassik dillərdən tərcüməçi hazırlanmasına ehtiyac var

Azərbaycanda klassik dillərə münasibətin bu gün yox dərəcəsində olduğunu bildirən rektor bu yaxınlarda ADU-da Klassik Dillər İnstitutu yaradıldığını xatırladıb. Qeyd edib ki, latın, qədim yunan, sanskrit, qədim Çin dilləri üzrə mütəxəssislər hazırlamaq üçün xaricdən alimlər dəvət ediləcək. 

Akademik qeyd edib ki, peşəkar tərcüməçi üçün klassik dillər barədə heç olmasa müəyyən təsəvvürə malik olmaq son dərəcə vacibdir. Bütün klassik nümunələr mifoloji mətnlərin üstündə qurulub. Tərcüməçi o mifoloji məkana, eləcə də qədim yunan, yaxud latın dilinə bələd olmasa, o, mifologiya labirintindən çıxa bilməz. Bunun ən sadə forması Uilyam Şekspirin “Hamlet” pyesindədirsə, ən dərin variantı Ceyms Coysun “Uliss” əsərindədir və s.

Eyni zamanda, peşəkar tərcüməçilər üçün məsələnin praktik tərəfi də unudulmamalıdır. Bu gün bəzən çox adi bir tərcümə məqamında, məsələn, sadə sənədin tərcüməsində çətinlik yaranır. Yəni tərcümə təkcə Avropa dilləri ilə yekunlaşmır. Məsələn, həmin sənədi, eyni zamanda, Qırğızıstana, yaxud Türkmənistana da təqdim etmək lazım gəlir. Peşəkar Tərcüməçilər Assosiasiyası bütün bu nüansları nəzərə alaraq öz işini elə qurmalıdır ki, bizdə həmin tərcüməçilər olsun.

Assosiasiya tərcümə ilə məşğul olan hər kəsi öz sıralarında birləşdirir

Peşəkar tərcüməçiləri Assosiasiyanın işində yaxından iştirak etməyə dəvət edən akademik K.Abdulla pandemiya şəraitində qurumun sıx-sıx onlayn konfranslar, master-klasslar keçirəcəyini bildirib: “Mənə elə gəlir ki, biz tərcümə ilə məşğul olan hər kəsi öz sıralarımızda birləşdirməklə, bir məqsədə xidmət edəcəyik. Bu da ondan ibarət olacaq ki, biz Azərbaycan həqiqətlərini - bədii həqiqətlərini, ictimai-siyasi həqiqətlərini, publisistik həqiqətlərini dünyaya çatdırmağın daha real və daha optimal yolunu Assosiasiyanın fəaliyyəti çərçivəsində arayacağıq və tapacağıq”.

Qeyd edək ki, Assosiasiya Azərbaycanda ilk dəfə olaraq tərcümə problemləri ilə əlaqədar dövri jurnal da çap etmək niyyətindədir. Jurnalda həm xaricdə yaşayanlar, həm də Azərbaycanda, o cümlədən paytaxtda və regionda olanlar çalışa biləcəklər. Burada tərcümə məsələləri, tərcüməçilərin qarşılaşdığı problemlər, tərcüməçilərlə müsahibələr, onların təcrübəsi, tərcümə prosesinin çətinliyi ilə bağlı fikir mübadilələri və s. öz əksini tapacaq. Akademik K.Abdullanın fikrincə, elə dillərdə əsərlər, elə yazıçılar var ki, onları hələlik tərcümə etmək mümkün deyil:

“Siz Mirzə Ələkbər Sabiri rus dilində təsəvvür edirsiniz? Sovet dövründə buna cəhd edildi. Tanınmış rus şairi Vasilyev Sabirin şeirlərini tərcümə etdi. Lakin həmin əsərlərdə Sabirin ruhu yox idi. Eləcə də Platonovun sintaksisi. Gərək uyğun bir meydan olsun ki, tərcümə “təyyarəsi” o meydana enə bilsin”.

Assosiasiyanın rəhbəri diqqətə çatdırıb ki, bu yaxınlarda Yaradıcılıq Fondu və Dillər Universiteti ədəbiyyat sahəsində bir layihə irəli sürüb. Layihə çərçivəsində Azərbaycan yazıçılarına ən çox sevdikləri hekayəni təqdim etmək müraciəti olunub. Təqribən 25-30 hekayə ortaya çıxdı. Dillər Universiteti bu hekayələri 20-dən çox dilə tərcümə edəcək. Bu, bəlkə də Assosiasiya ilə universitetin ilk birgə layihəsi olacaq.

Alim vurğulayıb: “Azərbaycan üçün erməni, gürcü dillərinin tərcüməçilər səviyyəsində əxz edilməsi son dərəcə vacibdir. Çünki xalqımızın tarixi ilə bağlı müştərək sənədlərimiz var.

Ümidvarıq ki, Assosiasiya öz fəaliyyəti ilə Azərbaycanın ictimai, mədəni, mənəvi həyatına töhfə verə biləcək”.