Nabatəli Qulamoğlu: “Bu, süründürməçilikdən başqa bir şey deyil, ayrı ad tapa bilmirəm”
Sahib Məmmədov: “Şəxsiyyəti təsdiq edən sənədi lüzumsuz yerə tələb etmək doğru deyil”
Cəsarət Valehov: “Şəxsiyyət vəsiqəsinin bu prosesdə istifadəsi həm də finləşmə prosesini tamamlamaq üçün faydalıdır”
Artıq məktəbəhazırlıq qrupları üçün qeydiyyatdan keçənlər məktəb seçiminə başladılar. Bu proses sentyabrın 14-dək davam edəcək. Qeydiyyatın başladığı cəmi üç gündür, amma valideynlər müəyyən çətinliklə üzləşiblər. Kimi “uşaq hələ balacadır, böyüyəndə alaram” deyib, kimi də “doğum haqqında şəhadətnaməsi var, uşaq üçün şəxsiyyət vəsiqəsi nə vacibdir?” fikrinə əsaslanaraq övladı üçün vəsiqə almağa tələsməyib.
Amma uşağı beşyaşlıların məktəbəhazırlıq qrupuna yazdırmaq məqamı yetişəndə şəxsiyyət vəsiqəsinin tələb olunduğunu görüb çətin vəziyyətdə qalıblar. Təbii ki, bu, ana, ataların haqlı narazılığına səbəb olub. Doğrudan da, haqlı olaraq sual yaranır: şəxsiyyət vəsiqəsi tələb olunursa, doğum haqqında şəhadətnamə nəyə lazım? Ya da doğum haqqında şəhadətnamə varsa, şəxsiyyət vəsiqəsinə nə hacət?
Təhsil eksperti Nabatəli Qulamoğlu “Sherg.az”a açıqlamasında sözügedən tələbi sərt tənqid edib:
“Bu, süründürməçilikdən başqa bir şey deyil. Ayrı ad tapa bilmirəm. Əslində ekspert olmağa ehtiyac yoxdur. Adi adam da bilir ki, məsələ nə yerdədir. Məncə, bu, Təhsil Nazirliyinin tələblərindən kənar bir təşəbbüsdür”.
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədovun fikrincə, belə qeydiyyatlarda şəxsiyyət təsdiq edən sənədə ehtiyac yoxdur:
“Hökumətin bunu tələb etməsi düzgün olmaz. Çünki şəxsin bircə sənədi ilə onun digər məlumatlarını əldə etmək mümkündür. Özəl məktəblərdə, kurslarda belə imkan yoxdur. Ola bilsin, onlar buna görə şəxsiyyət vəsiqəsini tələb edirlər.
Ammma nəzərə almaq lazımdır ki, əvvəllər 16 yaşına çatmayan uşaqlara şəxsiyyət vəsiqəsi verilmirdi. İndi vermələri çox yaxşı haldır. Lakin şəxsiyyəti təsdiq edən sənədi lüzumsuz yerə tələb etmək doğru deyil.
Guya uşağın şəxsiyyətini tam detallı öyrənmək nə qədər vacib ola bilər ki? Belə özəl müəssisələri sadəcə boykot etmək lazımdır”.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov məsələ barədə açıqlama verib. O, bildirib ki, bu tələb gələcək problemlərin qarşısını almaq üçündür:
“Həm məktəbəqəbul, həm də məktəbəhazırlıq eyni portal üzərindən həyata keçirilir. Burada hər iki proses zamanı şəxsiyyət vəsiqəsi nəzərdə tutulub. Şəxsiyyət vəsiqəsinin bu prosesdə istifadəsi həm də finləşmə prosesini tamamlamaq üçün faydalıdır.
Digər tərəfdən əgər uşaq məktəbəhazırlığa doğum şəhadətnaməsi, məktəbəqəbulda isə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərsə, o zaman bir uşağın adı iki fərqli sənəddə çıxacaq. Bu da identiklik problemi yarada bilər. Bütün bu səbəblərdən məktəbəqəbul portalı vahid yanaşmadan çıxış edib.
Həm 1-ci sinifə qəbul, həm də məktəbəhazırlıq üçün şəxsiyyət vəsiqəsi. Digər tərəfdən məktəbəhazırlığa qeydiyyatdan keçən uşaqlar artıq növbəti ildən 1-ci sinifə avtomatik olaraq qəbul olunurlar”.