Dərslər başlayır? - Yeni qaydalar açıqlanacaq

Bu gün saat 17-00-da keçirilməsi nəzərdə tutulan brifinqdə təhsil naziri Emin Əmrullayev də iştirak edəcək. Onun yeni tədris ilinin başlanması barədə məlumat verəcəyi gözlənilir.
Bəs görəsən, təhsil müəssisələri fəaliyyətə başlayacaqmı? Brifinqdə təhsil sistemi ilə bağlı hansı qərarların açıqlanaq?
Eksperti Kamran Əsədovun Lent.az -a məlumatına görə, təhsillə bağlı aşağıda qeyd olunan qaydaların açıqlanacağı gözlənilir:

Ümumi məsələlər:

- Təhsil gənc nəslin formalaşması üçün mühüm və əvəzsiz vasitələrdən biridir. Pandemiya dövründə bütün dünyada, o cümlədən də Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması uşaqların istər savadlılıq​, istərsə də mənəvi durumuna mənfi təsir göstərdi;

- Pandemiya ilə uğurlu mübarizə aparan və yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə məktəblərin və bağçaların fəaliyyəti bərpa olunur;

- Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxma hallarının səviyyəsinin aşağı olması təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır;

- Fəaliyyəti bərpa olunan müəssisələrdə sistemli şəkildə təhlükəsizlik qaydalarının tətbiqi və onların icrasına nəzarət istər uşaqların sağlamlığının təmin olunması, istərsə də virusun yayılmasına yol verməmək baxımından mühüm şərtdir.

Uşaq bağçaları:

- Uşaqlar eyni yerdə qidalanır, eyni otaqda yatırlar. Bu da onların yoluxması riskini yüksəldir;

- Bağçaların fəaliyyətinin bərpasına sanitar-epidemoloji vəziyyət nəzərə alınmaqla icazə verilməlidir. Yoluxmaların olmadığı və ya az olduğu zonalarda bağçaların fəaliyyətinə daha tez, yoluxma riskinin yüksək olduğu şəhər və rayonlarda isə zəruri göstəricilər əldə olunduqdan sonra və ya daha gec icazə verilə bilər.

Məktəbəhazırlıq qrupları:

Məktəbəhazırlıq qruplarında tədris həftədə bir neçə gün həyata keçirilə bilər. Məsələn, həftədə 6 və ya 8 saat tədris müəyyənləşdiriləcəyi təqdirdə həftədə 2 və ya 3 gün 2-3 saat olmaqla dərslərin keçirilməsi variantlardan biri kimi nəzərdən keçirilə bilər. Sıxlığa yol verilməməsi üçün yarımqrupların təşkil edilməsi də mümkündür.

Orta ümumtəhsil məktəbləri:

- Ərazilərin və məktəblərin xüsusiyyəti nəzərə alınmaqla təhlükəsizlik qaydaları hazırlanmalıdır və onların icrasına ciddi nəzarət mexanizmi formalaşdırılmalıdır;


- Ötən tədris ilində qənaətbəxş təhsil verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır. Ona görə də, yaxşı olardı ki, tədris ili daha tez başlasın və əvvəlki tədris ilinin təkrarı həyata keçirilsin;

- Orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə, həftədə bir neçə gün dərs keçirilə bilər. Qalan günlərdə isə tədris on-line rejimdə həyata keçirilməlidir;

- İbtidai siniflərdə uşaqların davranış qaydalarına uyğunlaşması problemi olduğuna görə, tədrislə bağlı fərqli sxemlərin tətbiq edilməsi mümkündür;

- Aktual məsələlərdən biri yoluxma halları müəyyən olunduqda həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlıdır. Burada söhbət yoluxan məktəb işçisinin və ya şagirdin, onlarla təmasda olan şəxslərin təcrid olunmasından gedir. Əgər kütləvi yoluxma halları olarsa, məktəbin fəaliyyətinin müəyyən müddətə məhdudlaşdırılması da mümkündür; - Valideynlərə övladlarının ənənəvi qaydada və ya on-line rejimdə təhsil alması üçün seçim imkanları yaradıla bilər;

- Siniflərdə sıxlıq yaranacağı təqdirdə onların yarımqruplara bölünməsi də mümkündür;

- Yuxarı siniflərdə ənənəvi tədris daha çox buraxılış fənləri üzrə keçirilə bilər. Digər dərslər isə on-line rejimdə keçirilə bilər;

Ali təhsil müəssisələri:

Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin yoluxma riski olduqca yüksəkdir. Ənənəvi tədrisin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur.

Sanitar-epidemoloji vəziyyətdən asılı olaraq, ya tədricən ənənəvi təhsilə, ya da ki, yoluxma halları intensivləşəcəyi təqdirdə, distant təhsilə keçid mümkündür.