“Bağçalar sanitar-gigiyena qaydalarına riayət edəcəklərsə, burada heç bir problem yoxdur”
“Tərbiyəçi və valideynlərin də maarifləndirilməsi zəruridir”
Dünən yeni tədris ilinin başlanılmasına dair mətbuat konfransı keçirilib. Təhsil naziri Emin Əmrullayev ölkəmizdə bağçaların fəaliyyətə başlayacağı tarixi açıqlayıb:
“Xüsusi məktəblər qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərdir. Bu müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılmasını planlaşdırmışıq”.
Nazirin sözlərinə görə, burada uşaqlar yataqxanada qaldıqları üçün fərqli protokollardan istifadə olunur:
“Amma həmin protokollar hazırlanmaqdadır. Bu, təbii ki, Operativ Qərargahın Tibbi Bölməsi ilə razılaşdırılır. Bu məsələlər razılaşdırıldıqdan sonra ictimaiyyətə təqdim ediləcək”.
Bağçaların fəaliyyətə başlamasının düzgün qərar olduğunu deyən “Azərbaycan Müəllimlər Birliyi”nin sədri, təhsil eksperti Məlahət Mürşüdlü “Sherg.az”a söyləyib ki, qərar ölkəmizdəki şəraiti nəzərə alaraq qəbul edilib.
Ekspertin fikrincə, təhsil ocaqlarının və bağçaların tam olaraq fəaliyyətə başlaması vacibdir:
“Düşünürəm ki, bağçalar sanitar-gigiyena qaydalarına riayət edəcəklərsə, burada heç bir problem yoxdur. Bu istiqamətdə hazırlıqlar gedir. Ona görə də belə qərarlar qəbul edilib”.
M.Mürşüdlü tərbiyəçilərin, valideynlərin maarifləndirilməsinin vacib olduğunu vurğulayıb:
“Çünki onların görəcəyi işlər və öhdəlikər var ki, buna ciddi əməl edilsə, bağçalarda virusun yayılması sıfıra bərabər olacaq. 12 yaşdan aşağı uşaqların maska taxması vacib deyil.
Məsələn, Avropada 12 yaşdan yuxarı uşaqlar maska taxmalıdır. Hesab edirlər ki, uşağın yaşı nə qədər azdırsa, virusun yayılma riski də az olur. Demək olar ki, azyaşlı uşaqların virusa yoluxma ehtimal yoxdur.
Bu baxımdan bağçaların tam formada işə başlaması vacib məsələdir. Bu qərarı vermək lazım idi”.