Təklif etiraz doğurdu ! - Hazırlıq kursları Nazirliyə verilməsin!

“Bu, qanunun pozulması deməkdir. Çünki qanuna görə təhsil azad olmalıdır”

“Təklif reallaşarsa, nə rəqabətdən söhbət gedəcək, nə də təhsilin inteqrasiyasından”


Ölkədə fəaliyyət göstərən kursların Təhsil Nazirliyinin tableyinə verilməsi təklif edilib. Bu barədə “Hədəf” şirkətlər qrupunun baş direktoru Şəmil Sadiq özünün “Facebook” səhifəsində yazıb:

“Bir dəfə də vurğulamışdım, hazırlıq kursları da hansısa bir formada Təhsil Nazirliyinin tabeliyini hiss etməlidir. Hələ də və sairələrin içində qaldığı üçün taleyi ilə bağlı qərarı verəcək qurum tapılmır.

Təhsil nazirini necə qınayasan ki, kursların nazirliklə yaxından-uzaqdan heç bir bağlantısı yoxdur. Hazırlıq kursu deyəndə sadəcə abituriyentlər də nəzərdə tutulmamalıdır. Bu, çoxçeşidli bir sahədir.

Normal da biznes sahəsidir. Otelçilərin belə qapısını döyə biləcəyi nazirlik var, niyə də kursların olmasın. Heç olmasa tədris tərəfi birbaşa Təhsil Nazirliyinə tabe olarsa, həm də tədrisin keyfiyyəti izlənilə bilər”.

 Ş.Sadiqin sözügedən təklifini “Sherg.az”a dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu bunun əleyhinə olduğunu deyib: 

“Bu cür kursların olması təhsilin azadlığının göstəricisidir. Qanuna görə təhsil azad olmalıdır. Amma imkan vermirlər. Kursların Təhsil Nazirliyinin nəzarətinə keçməsi qanunun pozulması deməkdir.

O zaman həmin müəssisələrin dövlətin tabelində olan məktəblərdən heç bir fərqi olmayacaq.

Nə rəqabətdən söhbət gedəcək, nə də təhsilin inteqrasiyasından. Beləliklə, həmin kurslardan nə isə bir keyfiyyət gözləməyə də dəyməz”.