Nazirliyin də əsas məqsədi odur ki, şagirdlər təhsildən geri qalmasın
Artıq məktəbli forması almaq üçün valideynlər müraciət etməyə başlayıblar. Bunu “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib. Onun sözlərinə görə, hazırda təhsil müəssisələri bağlı olduğu üçün forma üçün müraciət edənlərin sayı elə də çox deyil, amma buna baxmayaraq valideynlər gələrək forma alırlar. Qiymətlərdə heç bir dəyişiklik yoxdur.
Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır”.
Bəs pandemiya dövründə, xüsusilə də insanların maddi imkanlarının zəif olduğu dönəmdə məktəbli formalarının alınmağına ehtiyac varmı?
Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən təhsil eksperti Almaz Həsrət bildirib ki, yeni tədris ilində məktəbli formaları ilə bağlı heç bir problem yaşanmayacaq. Onun sözlərinə görə, pandemiya dövründə hamı duyarlılıq göstərməli və birlikdə bu problemin həlli üçün çalışmalıyıq:
"Valideynlər anlamalıdırlar ki, bu dönəmdə təhsil işçiləri və təhsil qurumları əllərindən gələni edirlər ki, gənclərimiz təhsildən qalmasınlar. Təhsil naziri Emin Əmrullayev avqustun 27-də keçirilən brifinqdə açıq-aşkar şəkildə vurğuladı ki, yeni tədris ilində hamı vahid forma geyinib məktəbə gəlməlidir deyə bir şərt yoxdur. Yəni bu il geyim forması sərbəst olacaq".
Təhsil eksperti valideynlər arasında çaşqınlıq yaradan sərbəst geyim forması məsələsinə də aydınlıq gətirib: "Sərbəst geyim o demək deyil ki, şagirdlər rəngli geyinib məktəbə gələcəklər. Sadəcə olaraq, ciddi geyim tərzinə uyğun geyinməlidirlər. Yəni üstü ağ, altı tünd rəngdə olmalıdır. Bir məsələni də diqqətə çatdırım ki, valideynlər geyim mağazalarına üz tuturlar. Buna ehtiyac yoxdur.
Çünki mağazalara axın ilk növbədə sıxlığın yaranmasına səbəb olacaq. İkincisi, bir uşağın geyinib soyunduğunu başqa uşaq geyinərsə, o zaman kütləvi yoluxmalar baş verə bilər.
Bu məsələlərdə valideynlər çox həssas olmalıdırlar. Bütün bunlar yaşanmasın deyə vahid forma bu gün tələb kimi qoyulmadı. Çünki əsas məqsədimiz odur ki, şagirdlərimiz təhsildən geri qalmasınlar".