Ziddiyyətli iddia: "Kişi müəllimlərin dərsləri daha keyfiyyətli olur" 

Ancaq maaşlar az olduğundan daha çox qadınlar bu sahəyə meyl edirlər

Qadının böyük qüvvə olması danılmazdır. Buna şübhəsi olanlar sadəcə orta məktəb kollektivlərinə nəzər sala bilərlər. İstənilən orta təhsil müəssisəsində - şəhərin düz mərkəzində və ya ucqar kənddə yerləşməsindən  asılı olmayaraq pedaqoji kollektivin 70-80 faizi qadındır. Əgər zərif cins nümayəndələri böyük qüvvə olmasalar, belə tendensiya formalaşardımı? Lakin dərinə getdikcə məsələ ağac kökü kimi şaxələnir - sosial, psixoloji, iqtisadi tərəflər meydana çıxır. 

Sən demə, orta məktəblərdə iki-üç kişi müəllim görməyimiz birtərəfli məsələ deyilmiş.



 Təhsil eksperti Nabatəli Qulamoğlu “Sherg.az”a açıqlamasında bu ənənəyə təsir edən məqamlardan danışıb:

“Əmək bazarının tələbi budur ki, ağır fiziki işlərlə daha çox kişilər məşğul olurlar. Müəllimlik isə nisbətən yüngül sahə olduğundan adətən qadınlar meyl göstərir. Amma dünya alimlərinin tədqiqatları göstərir ki, kişi müəllimlərinin dərsləri qadın həmkarlarına nisbətən daha keyfiyyətlidir. Əlbəttə, səbəb aydındır - xanımların ev, uşaq qayğıları. Əmək bazarı normal, yəni tələblə təklif arasında uyğunluq olsaydı, həmçinin vətəndaşlar əmək qabiliyyəti daha yüksək müəllimlər tələb etsəydi, belə problemlər yaşanmazdı. Qadınları tənqid etmək fikrim yoxdur, sadəcə, elmi araşdırmaların nəticələri də göstərir ki, kişilər daha böyük zəka sahibidirlər. Başqa bir məsələ isə müəllimlərin saf-çürük edilməməsidir. Diaqnostik qiymətləndirmə keçiriləndə biliklər yoxlanıldı. Bilik və bacarığı lazımi səviyyədə olmayanlara hazırlıq üçün əlavə zaman verilməli idi. Həmin vaxt zəif nəticə göstərənlərin əksəriyyəti qadın idi. Amma deyilən kimi olmadı, zəif nəticə göstərənlər də işlərində qaldılar. Ona görə də dediyiniz tendensiya davam edir”. 



 Tanınmış psixoloq Azad İsazadə isə hesab edir ki, burada obyektiv və subyektiv məqamlar var:

“Zənnimcə, orta məktəblərdə qadınların sayının çox olmasında ciddi problem yoxdur. Çünki bu, son bir əsrdə yaranmış tendensiyadır. Cəmiyyət müəllimlərin çoxunun qadın olmasına öyrəşib. Ola bilsin, digər cəmiyyətlərdə başqa cürdür.

Azərbaycan isə buna vərdiş edib. Amma əlbəttə, kişilərin sayının qadınlardan çox olması xüsusilə yeniyetmə oğlanlara fayda verə bilər. Onlar kişi müəllimlərdən nümunə götürərlər. Yenə deyirəm, yaranmış tendensiyada ciddi problem axtarmağa ehtiyac yoxdur. Bu, sosial-psixoloji məsələdir.

İlk növbədə nəzərə almaq lazımdır ki, müəllimin maaşı azdır. Kişi bu pulla ailə dolandıra bilməz. Qadın sadəcə vaxtını səmərəli keçirmək məqsədilə işə gedir. Həm də təkcə məktəblərdə yox, digər qurumlarda, məsələn, poliklinikalarda da analoji mənzərə ilə rastlaşırıq. Çünki ailə başçıları adətən yoldaşlarının kişi çox olan kollektivlərdə işləmələrinə razı olmurlar. Nə məktəblərdə, nə də poliklinikalarda iş sistemi gərgindir. Bu, xanımlara sərf edir. Bildirdiyim kimi, ailəni dolandırmaqla isə kişi məşğul olur”. 

A.İsazadə, həmçinin problemin görünməyən tərəflərindən də söz açıb:

“Fikir verirsinizsə, məktəblərdə, poliklinikalarda qadınlar çox olsa da, rəhbərliyə qalxdıqca kişilərin sayı artır. Direktorların, baş həkimlərin xeyli hissəsi kişidir. Ziddiyətin səbəbini bilmirəm. Amma natarazlıqdır.

Əmək bazarında kişilərlə qadınların bərabərliyi təmin olunmadıqca və məktəb müəllimlərinin maaşları belə qaldıqca vəziyyət də indiki kimi davam edəcək”.