Dünyanı cənginə alan koronavirus pandemiyası dövründə distant təhsil təkcə Azərbaycanda deyil, bütün ölkələrdə təhsil sistemini düşdüyü kritik vəziyyətdən xilas etdi. Ölkəmizdə isə distant təhsilinin kütləvi tətbiqi özünü bir o qədər də doğrultmadı desək yanılmarıq. Xüsusilə də ibtidai siniflərdə təhsil alanlar üçün bu təhsil sistemi arzuolunan effekti, nəticəni vermədi. Əlbəttə, bunun da səbəbləri var.
Bu səbəblərlə bağlı "Sherg.az"a danışan Şəki şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pərvanə Babayeva bildirib ki, distant təhsil zamanı üzləşdikləri ən böyük çətinliklər sırasında internet dururdu.
O hesab edir ki, bu təhsil sistemi yalnız özünüidarə, özünənəzarət edənlər üçün yaxşıdır:
“Təbii ki, distant təhsil müəllimlər üçün də çox çətin idi. Nisbətən böyük uşaqları idarə etmək olur, amma balaca uşaqlarla işləmək daha çətindir. Dördüncü sinif və məktəbəhazırlıq qruplarına dərs keçdim. Körpə olduqlarına görə, onlar üçün bu təhsil prosesi yorucu idi. Məktəb mühitində tənəffüs prosesində ən azından dincəlirdilər və beyinləri yükləmədən azad olurdu. Distant təhsildə şagirdlərin kompüter şüasından gözləri və beyinləri yorulurdu, tez-tez yuxulayırdılar. Amma müəyyən zamandan sonra alışdılar, onlarda müəllimi dinləmək qabiliyyəti formalaşdı".
P.Babayeva dərsin daha maraqlı keçməsi üçün videoçarxlardan istifadə etdiyini qeyd etdi:
"Düzdür, pandemiya dövründə ən səmərəli yol bu idi. Körpə olduqları üçün onları tədrisə cəlb etmək, fikirlərinin dərsdə olmasını təmin etmək üçün videoroliklər təşkil etdim. Amma sonda keyfiyyətli tədrisə nə dərəcədə nail oldum bax bunu bilmirəm”.