Növbəti həftə Bakı, Abşeron və digər iri şəhərlərdə məktəbəhazırlıq, icma əsaslı məktəbəqədər qruplar və ibtidai siniflər üzə təhsil bərpa edilir. Əyani dərslərin həftədə üç dəfə, kiçik kəndlərdə isə həftədə 4-5 dəfə olmaqla bərpası haqqında qərar verilib.
Virus təhlükəsinin mövcud olduğu dövrdə təhsilin qismən də olsa bərpası yoluxma sayının artması riskini bir daha gündəmə gətirir. Valideynlər bir tərəfdən onlayn dərslərdən narazı olsalar da, digər tərəfdən onların virusa yoluxmasından narahatlıq hissi keçirirlər.
Bununla bağlı təhsil üzrə ekspert Nadir İsrafilov "Şərq"ə bildirib ki, hər şeyi zaman göstərəcək:
"Fevralın 1-dən təhsilin qismən bərpası bu prosesin uzunmüddətli olmasına zəmanət vermir. Ola bilər ki, dərslər yenidən dayandırılsın. Mövcud vəziyyətdə situasiyanın mənfi, yaxud müsbətə doğru dəyişməsi bizim iradəmizdən asılı deyil. Hazırkı rəqəmlərdən də bunu açıq şəkildə görmək mümkündür. Təhsil naziri Emin Əmrullayev də brifinq zamanı qeyd etdi ki, belə məsələlər təkcə nazirliyin mövqeyindən asılı deyil. Nazirlər Kabinetinin bu məsələ ilə bağlı xüsusi qərarı mövcuddur və həmin qaydaları Nazirlər Kabinetinin yanında Fövqəladə komissiya müəyyən edir. Məhz buna görə də, təhsilin bərpasından sonra nələr ilə qarşılaşacağımız barədə konkret söz demək olduqca çətindir".
Aytac Ali