Famil Səfərov: "Hüquqi bazası, planı, proqramı olmayan distant təhsili tətbiq etməyə çalışırıq"
"Bu oxuduqlarımızın böyük bir hissəsi isə nəticə etibarı ilə məktəbi bitirdikdən sonra məlum olur ki, bizə lazım deyilmiş"
"Hesab edirəm ki, tədris proqramı azı yarıbayarı yüngülləşdirilməli və məktəblərdə mütləq qaydada şagirdlərin mənəvi dünyasını formalaşdıracaq fənlər keçilməlidir"
"Artıq hər kəs əmin oldu ki, təhsildə bu idarəçilik sistemi ilə davam etməklə biz böhranı durmadan dərinləşdiririk və cəmiyyətə hələ uzun illər həll olunmayacaq problemlər gətiririk"
Pandemiya dünyada gözlənilməyən problemlər ortaya çıxartdı. İnsanların birbaşa ünsiyyətində, o cümlədən müəssisələrin idarə edilməsində çətinliklər yarandı. Pandemiyanın təsir etdiyi və xeyli ziyan vurduğu sahələrdən biri də təhsil oldu. Bu həssas sahə pandemiya dönəmində xeyli problemlərlə qarşılaşdı. Düzdür, müasir mərhələdə təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmayıb. Məktəb psixoloqu Famil Səfərov bu sahədə olan problemlər barədə "Şərq"in suallarını cavablandıırb.
- Son illərdə dünyada təhsilə yeni baxışları və yanaşmaları, habelə pandemiya şəraitində təhsilin yeni formalarına keçidi Azərbaycan təhsili mənimsəyə bildimi?
- Əlbəttə, son 10 ildə elm və texnologiyada baş verən sürətli sıçrayış, sənaye inqilablarının bir-birini əvəz etməsi elmə və təhsilə də yeni yanaşmalar tələb etdi. Odur ki, dünya təhsili bu sahədə qabaqcıl və inkişaf etmiş ölkələrin timsalında son illərdə böyük inkişaf yolu keçdilər. Həmçinin, pandemiya şəraitində də distant təhsilin tətbiqindəki artıq əldə olunmuş böyük təcrübə və onun kifayət qədər formalaşmış infrastrukturu bu ölkələrin təhsilində bizdəki kimi fors-major halı yaratmadı. Azərbaycana gəlincə isə ölkədə artıq hər kəsə çoxdan bəllidir ki, bizim təhsilimizin problemləri hələ uzun illər əvvəldən başlayıb. Sadəcə pandemiyanın bu təhsil sisteminin qarşısına qoyduğu yeni çətinliklər və sınaqlar demək olar ki, onu çökdürdü. Biz dünya təhsilinə inteqrasiya etmək adı ilə illərlə oturuşmuş bir elmi-pedaqoji bazaya və bu xalqın etnopedaqoqikasına söykənən, uzun illər uğurla tətbiq olunmuş və davamlı şəkildə təkmilləşdirilmiş əvəzsiz dərslikləri olan bir təhsil sistemini heç bir tutarlı arqument gətirmədən tamamilə demontaj etdik. Əvəzində isə 12 ilə yaxındır çox qəliz, gərəksiz informasiyalarla yüklənmiş, bugünkü rəqəmsal nəslin psixofizioloji xüsusiyyətlərini tamamilə nəzərə almayan, nə müvafiq infrastrukturunu, nə də adekvat idarəetmə sistemini yarada bildiyimiz bir təhsil proqramını heç bir pedaqoji kadr hazırlığı aparmadan təkidlə tətbiq etmək istəyirik. Üstəlik, keçən ilin mart ayından başlayaraq nə qanunvericilikdə hüquqi bazası, nə plan və proqramı, nə də müqavilə və nizamnaməsi olan distant təhsili səriştəsiz şəkildə tətbiq etməyə çalışırıq. Hər kəsə aydındır ki, bu, distant təhsil deyil, ənənəvi təhsilin onlayn formada tətbiqidir. Heç olmasa, indiyə kimi təhsil subyektləri üçün müvafiq İKT infrastrukturu yaratmaq, onların bu sahədə bacarıqlarını artırmaq üçün təlimlər keçirmək olardı. Hazırda dünyada şagirdlər üçün nəzərdə tutulmuş planşetlərin alınıb ölkəyə gətirilməsini, mərkəzləşdirilmiş qaydada onlara elektron dərsliklərin yüklənməsini və onları məktəb rəhbərlərinin nəzarəti altında valideynlərin şəxsiyyətini təsdiq edən sənədlə və dərsliklərin paylanılması qaydası ilə hər bir şagirdə çatdırılmasını təmin etmək olardı.
- Fevralın 1-dən ümumtəhsil məktəbləri yenidən öz qapılarını şagirdlərimizin üzünə açır. Necə düşünürsünüz, parta arxasında oturmağa öyrəşməmiş birinci sinif şagirdlərinin indi məktəbə adaptasiyası mümkündürmü? Yəni onların psixoloji durumu buna hazırdımı?
- Hər şeydən əvvəl, mən bu münasibətlə bütün təhsil ictimaiyyətini və şagird-müəllim kollektivlərini ürəkdən təbrik edirəm. Hər halda, uşaqların nəhayət, aylardır dörd divar arasındakı yeknəsək həyat tərzinə son qoyulur. Onlar yenidən sevimli məktəblərinə, müəllimlərinə və dostlarına qovuşacaqlar, doyunca ünsiyyətdə olacaqlar. Qaçmaq, oynamaq, əylənmək, təmiz havada doyunca gəzmək və ən başlıcası isə canlı dərs keçmək imkanı əldə edəcəklər. Lakin bütün bu dediklərim prosesin görünən tərəfidir, əslində isə fevralın 1-dən məktəbə ayların emosional gərginliyini özündə toplayan, adət etdikləri həyat tərzindən məhrum olmanın stres və depressiyasını yaşayan, psixo-fizioloji cəhətdən gərilmiş yayı xatırladan yüz minlərlə insan gələcək. Bu şəraitdə, əlbəttə, ən ağır yük və məsuliyyət yenə məktəb psixoloqunun üzərinə düşür. Aydın məsələdir ki, əsas çətinliyi bu dərs ilində birinci siniflər çəkdi. Onlar ilk növbədə məktəb həyatına, təhsilə adaptasiyadan, müəllimləri ilə canlı ünsiyyətdən məhrum oldular. Onların məktəbə hazırlıq səviyyəsi, dərketmə imkanları diaqnozlaşdırılmadı.
- Məktəbə adaptasiya olmayan uşaq virtual informasiyanı qavrıya bildimi?
- Psixoloqlar bilir ki, 6 yaşlı uşaqlarda hələ əyani-obrazlı təfəkkür üstünlük təşkil edir. Bu o deməkdir ki, onlar deklorativ bilikləri çətin qavrayırlar. Üstəlik əgər bu biliklər məktəb şəraitində, müəllimlə canlı ünsiyyətdə yox, onlayn qaydada verilirsə, qavrama daha da çətinləşir. Düşünürəm, ilk növbədə məktəb psixoloqları əsas diqqəti bu şagirdlərin intellekt tiplərinin müəyyənləşdirilməsinə yönəltməlidirlər. Bunun üçün məlum anket sorğuları, kiçik və az suallı testlər var. İntellekt tipini müəyyən etməklə biz şagirdləri diferensial qruplara ayıra bilərik. Əgər sinifdə məntiqi-riyazi və linqvistik tip, yəni beyinin sol yarımkürəsi dominant olan şagird çoxdursa, onların virtual dərsləri qavraması imkanları da çoxdur. Musiqi, kinestetik, naturalist və s. intellekt tipli şagirdlərdə bədii–obrazlı təfəkkür daha çox inkişaf etdiyindən onların onlayn dərsləri dərk etmək imkanları çox aşağı olacaq. Bu məsələni diqqətinizə çəkməkdə məqsədim odur ki, müəllimlər şagirdlərə tapşırıqlar verən zaman onların intellekt tipini bilməsi çox önəmlidir. Biz pandemiya şəraiti üçün hələ dərs ilinin başlanğıcında təhsil psixoloqlarının illik fəaliyyət planlarına müvafiq dəyişiklilər etməyi tövsiyə etdik. Onların demək olar, hamısı virtual məktəb proqramında qeydiyyatdan keçiblər və məktəb rəhbərliyi tərəfindən bütün siniflərə əlavə olunublar. Bu da onlara tədris proqramını nəzərə alaraq, siniflərdə planlaşdırdıqları kompleks psixoloji işlərini aparmağa şərait yaratdı.
- Sizcə, məktəbdə şagirdlərin bir şəxsiyyət kimi formalaşması, onların gələcək həyata hazırlanması üçün dərslər keçilməlidirmi?
- Tədris proqramının ağırlığı məncə, bu gün məktəb təhsilinin bir nömrəli problemidir. Artıq cəmiyyət, dünya təhsil sistemləri bilgi verməyi qarşısına başlıca məqsəd kimi qoymayıb. Əsas məqsəd fərdin mükəmməl fiziki və mənəvi-psixoloji inkişafına nail olmaqdır. Hamının nümunə gətirdiyi Fin təhsilində gündə cəmi 4 saat dərs keçirlər və evə heç bir tapşırıq verilmir. Uşaqlar günün qalan hissəsini fiziki və emosional inkişafı üçün ürəkləri istədikləri kimi keçirirlər. Dərs yükü götürüldüyü üçün uşaq psixoloji cəhətdən yüklənmir, onlar hər yaş dövrünün keyfini çıxara-çıxara öz həyatlarını yaşayırlar. Bəs biz nə edirik? Tıx-təp gərəksiz informasiyalarla dolu dərsliklərin olması və hər gün 7-8 saat dərslərin keçirilməsi başlıca olaraq şəxsiyyətin mənəvi aləminə, fərdi inkişafına yönəlik heç nə etmir. Çantanı isə daşımaq artıq tək adam işi deyil. Bu oxuduqlarımızın böyük bir hissəsi isə nəticə etibarı ilə məktəbi bitirdikdən sonra məlum olur ki, bizə lazım deyilmiş. Bir neçə fəndən testləri çaparaq əzbərləyib təhsilin növbəti mərhələsinə adlayırıq. Amma, təəssüf ki, bu gün gənclərimizin əksəriyyəti özünüdərk, özünüifadə, özgüvən, etik davranış, sosiallaşma problemləri yaşayır. Odur ki, hesab edirəm ki, tədris proqramı azı yarıbayarı yüngülləşdirilməli və məktəblərdə mütləq qaydada şagirdlərin mənəvi dünyasını formalaşdıracaq fənlər keçilməlidir. Həmçinin, təhsilalanların koqnitiv, emosional, sosial inkişafına, şəxsiyyətin formalaşmasına dəstək olunmalıdır. Eləcə də sosial şəbəkələrin, televiziya verilişlərinin, müxtəlif dini cərəyanların təsirləri ilə yeniyetmə və gənclərin motivasiya-tələbat sferasında, təfəkkür və təxəyyülündə baş verə biləcək neqativ hallar, zərərli vərdişlər, məktəbdən yayınma, suisid halları və s. diqqətdə saxlanılmalıdır. Bütün bunlar bu gün məktəblərdə psixoloji xidmətin gücləndirilməsini və şagirdlərə psixoloji biliklərin tədrisini aktuallaşdırır.
- Ümumiyyətlə, məktəbdə psixoloji biliklərin tədrisinə necə baxırsınız?
- Hələ 20 il öncə mərhum alimimiz İsa Məmmədovun rəhbərliyi ilə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunun Psixologiya laboratoriyasının bir qrup əməkdaşı “Məktəbdə psixoloji biliklərin tədrisi” proqramını işləyib hazırladı. Bu proqram 1-ci və 11-ci sinifləri əhatə edirdi və çox mükəmməl tərtib olunmuşdu. Heyif ki, sonralar başı Kurikulumun böyük pullarına qarışan təhsil yetkililərimiz nəinki bu proqramı, Ə.Əlizadənin “Ailə həyatının etika və psixologiyası”, 10 ilə yaxın bütün siniflərdə tədris olunan “Həyati bacarıqlara əsaslanan təlim”, İnsan və cəmiyyət” dərslərini bir-bir tədris proqramlarından çıxardılar. Düşünürəm, məktəbdəki hazırkı sosial-emosional durumu nəzərə alıb bütün yaş dövrlərində olan şagirdlərin psixoloji rifahını təmin etmək üçün, yuxarıda adları çəkilən proqramlar əsasında “Mənəviyyat” və ya “Psixoloji biliklərin tədrisi” adı ilə mükəmməl dərsliklər hazırlayıb tezliklə tədris proqramlarına salınmalıdır.
- Azərbaycan təhsilini hazırkı durumdan çıxarmağın optimal yolları varmı? Bir məktəb psixoloqu kimi, məktəb təhsilini bu böhrandan xilas etmək üçün hansı təklifləri edərdiniz?
- Məlumdur ki, artıq illərdir ölkədə təhsil şagird başına maliyyələşir və elə illərdir ki, mövcud təhsil sistemi şagirdlərin təhsil hüququnu təmin edə bilmir. Daha doğrusu, keyfiyyətli və nəticəyönümlü təhsil valideynlərin ödədikləri böyük vəsait hesabına repetitor yanında və özəl təhsil müəssisələrində əldə olunur. Bu paradoksal vəziyyəti aradan qaldırmağın yeganə yolunu mən yalnız təhsil sistemində köklü dəyişiklikdə və onun yenidən qurulmasında görürəm. Hesab edirəm ki, ümumtəhsil məktəbləri hazırkı TN-dən qopmalı, onu idarə etmək üçün 20-30 nəfərdən ibarət Maarif Nazirliyi təsis olunmalıdır.
Onunla məktəb arasındakı bütün qurumlar ixtisar edilməlidir. Maliyyə-təsərrüfat işlərini isə böyük məktəblərdə məktəb rəhbərliyi və mühasib, kiçik məktəblərdə isə elə məktəb rəhbərləri özləri uğurla yerinə yetirə bilər. Təhsilə ayrılan pullar da birbaşa elə təhsilin subyektlərinə və onun infrastrukturuna yönəldilər.
Qaldı Təhsil Nazirliyinə, onun tabeçiliyində yenə ölkənin təhsil sisteminin 70 faizindən çoxu qalır: bütün ali və orta ixtisas məktəbləri, peşə təhsili sistemi, inteqrasiya və bütün tipdən olan internat məktəbləri, məktəbəqədər təhsil və uşaq bağçaları, habelə, çoxdan mütləq surətdə TN-ə birləşdirilməli olan Dövlət İmtahan Mərkəzi və Elmlər Akademiyasının sahə institutları və s. Təki ümumtəhsil məktəblərinə müstəqil fəaliyyət göstərməyə şərait yaradılsın.
Ötən illər ərzində ölkədə artıq hər kəs əmin oldu ki, təhsildə bu idarəçilik sistemi ilə davam etməklə biz böhranı durmadan dərinləşdiririk və cəmiyyətə hələ uzun illər həll olunmayacaq problemlər gətiririk.