“2021-ci il buraxılış imtahanı fənlərinin koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm lX, həm də XI siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, doqquz illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək.
M.Abbaszadə qeyd edib ki, IX sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək:
“Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur”.
“Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili imtahanında şagirdlərə audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları olacaq. Buna görə də Azərbaycan dili fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur”, - deyə sədr əlavə edib.
Məleykə Abbaszadə bildirib ki, imtahanlarda iki dəfə şans verilmə namizədlər və abituriyentlərə xeyrinə olan bir məsələdir: “İmtahan verən şəxslər birinci mərhələdə maksimum hansı balı toplasalar, qəbul üçün həmin baldan istifadə edə bilərlər”.