"Test tapşırıqlarında şagirdlər üçün çətin olan mövzular yer almayıb"
Artıq Dövlət İmtahan Mərkəzi 2021-2022-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanındakı tapşırıqların necə olacağını açıqlayıb. Həmçinin «Abituriyent» jurnalının 1-ci nömrəsi nəşr edilib. Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları (o cümlədən tarix fənni üzrə Vətən müharibəsi ilə bağlı əlavə edilmiş yeni mövzular), ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.
Qəbul imtahanlarının şərtləri barədə "Şərq"ə danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, test tapşırıqlarında şagirdlər üçün çətin olan mövzular yer almayıb:
"Dövlət İmtahan Mərkəzinin rəhbərliyindən verilən məlumata görə, qəbul imtahanlarında abituriyentlər üçün çətin hesab edilən mövzular proqramdan çıxarılıb. Bəli, bu, həqiqətən də belədir.
Mən bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan "Abituriyent-1" jurnalını təhlil edərkən şahidi oldum ki, testlərdə o qədər də çətin mövzular yoxdur.
Bir ixtisas qrupuna 3 fənn daxildir. Bu fənlərin hər birinə 30 sual daxil olmaqla, abituriyentlər ümumilikdə 90 suala cavab verəcəklər. Sualların 22-si qapalı, 5-i açıq, qalanları isə situasiya tiplidir. Situasiya tipli olanlar yazı tələb tələb edən suallardır".
Ekspert deyir ki, test tapşırıqları qapalı və açıq olsa, abituriyentlər üçün bu daha rahat ola bilər:
"Mövcud vəziyyətin nəticələrini nəzərə alaraq, bu il imtahanlarda bir qədər sadələşdirmə olmalıdır. Çünki pandemiya səbəbilə abituriyentlər hazırlıq kurslarına və repetitor yanına gedə bilməyib.
Həmin vəziyyət də onların imtahan nəticələrinə müəyyən dərəcədə təsir göstərəcək. Açıq və situasiya tipli test tapşırıqlarına abituriyentlərin cavab vermək faizi olduqca aşağıdır.
Düşünürəm ki, şagirdlərimizin daha yaxşı nəticə əldə etməsi üçün testlərdə daha çox qapalı tapşırıqlardan istifadə edilməlidir. Açıq tipli suallar da ola bilər, lakin situasiya tipli suallara ehtiyac yoxdur.
Çünki şagirdlər on bir aydır ki, onlayn dərs keçir. Onların yazı vərdişləri demək olar ki, itib. Buna görə də sözügedən testləri cavablandırmaq onlar üçün çətin olacaq".
Aytac Ali