Türkiyə Azərbaycanın şəhid övladlarına təhsil təqaüdü ayıracaq. Bu barədə Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin rəhbəri Abdulla Eren öz “Twitter” səhifəsində yazıb:
“Can Azərbaycanın Qarabağ zəfərində şəhid olan qəhrəmanlarının övladları üçün özəl təqaüd proqramı ayırırıq.
Türkiyə hər sahədə olduğu kimi, təhsil sahəsində də qardaşlarının yanındadır”.
Qardaş ölkənin dəstəyini “Sherg.az”a dəyərləndirən təhsil üzrə mütəxəssis cnun sözlərinə görə, təbii ki, Türkiyənin bu addımı olduqca sevindiricidir:
“Türkiyə ilə Azərbaycan onsuz da qardaş dövlətdir. Lakin Azərbaycanda çoxlu sayda iş adamları var. Onların əmlakı milyardlardan çoxdur. Niyə onlar şəhid övladlarının təhsili üçün pul ayırmırlar? Özümüzdə vəsait yoxdur ki, bu işi Türkiyə dövləti və yaxud iş adamları edir? Belə çıxır ki, mənsəb və pul hər şeydən irəlidədir.
Ola bilsin ki, həqiqətən də ölkəmizdəki iş adamları şəhid övladlarına pul ayırmaq istəsinlər. Amma buna müəyyən qədər ehtiyat edirlər. Çünki kimin pulu varsa, dərhal “başının üstünü kəsib” deyirlər ki, “Bu qədər pulu haradan qazanmısan?”.
Arzu edək ki, gələcəkdə Azərbaycanda mülkiyyətə hörmət olsun, mülkiyyət toxunulmaz hesab edilsin və cəmiyyət bundan xeyir görsün.
Qardaş ölkənin dəstəyini alqışlayıram. Amma öz imkanlarımız da var. Təəssüf ki, köməklik etmirlər”.