Qardaş qardaşın yanındadır


Yaxşı olar ki, Türkiyədəki iş adamlarımız da şəhid balalarını unutmasın

Türkiyə mətbuatı yazır ki,  Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Ermənistanla gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş azərbaycanlıların övladları üçün təqaüdlər təklif edib.  İdarə tərəfindən Türkiyədə araşdırma və dil tədrisi məqsədilə bu kateqoriyadan olan tələbə və aspirantlara xüsusi imkanlar təqdim olunacaq.


Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin rəhbəri Abdulla Eren bildirib ki, Türkiyə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də azərbaycanlı qardaşlarını dəstəkləyir. 

Bununla bağlı təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq"ə bildirib ki, qardaş Türkiyənin bu mövzuya həssaslıqla yanaşması bizim üçün çox vacibdir:

"Azərbaycan və Türkiyə qardaş ölkədir. İki dövlət arasında belə yardımların olması  təbii haldır. Biz də hər hansı sahədə Türkiyənin yardıma ehtiyacı olarsa, həmişə əlimizdən gəldiyi qədər kömək etməyə hazırıq. Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin belə bir addım atması olduqca təqdirəlayiqdir. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hərbçilərimizin övladları bizə əmanətdir. Qardaş ölkənin də bu mövzuya həssaslıqla yanaşması bizim üçün çox önəmlidir. Biz sevinirik ki, Türkiyə hər zaman və bütün sahələrdə yanımızdadır". 

N.Qulamoğlu deyir ki, azərbaycanlı iş adamları da bu işə öz töhfələrini versələr çox yaxşı olar:

"Yaxşı olar ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamları da bu və digər işlərdə şəhid övladlarına yardım etsin. Biz  vətən uğrunda döyüşüb şəhid olan qəhrəmanlarımızın övladlarının həm maddi, həm də mənəvi cəhətdən hər zaman yanında olmalı və dəstək göstərməliyik. Mən arzulayıram ki, azərbaycanlı iş adamları da türkiyəli qardaşlarımızın bu təşəbbüsünə qoşulsun və Azərbaycan təhsilinə öz töhfələrini versinlər". 

Aytac Ali