Məlum olduğu kimi, magistraturaya qəbul imtahanına bir neçə həftə qalıb. Belə bir vaxtda onsuz da həyəcanlı olan, pandemiyanın gətirdiyi çətinliklərlə mübarizə aparan gənclər yeni bir sürprizlə qarşılaşdılar. Belə ki, “Məntiq” fənninin proqramındakı mövcud dəyişikliklər ciddi ajiotaj yaradıb. Əslində nəinki tələbələr, mütəxəssislər özləri də narazıdırlar. Məsələn, tanınan təhsil eskspert Kamran Əsədov test nümunlərindən birini özünün “Facebook” səhifəsində paylaşaraq yazıb: “Test tapşırığı iştirakçının məntiqi təfəkkürünü, analitik bacarıqlarını yoxlamalıdır. Amma bu suallarda bakalavr təhsilli şəxsin hansı bacarıqlarının yoxlanıldığını müəyyən etmək olmur”. Doğrudan da, müxtəlif heyvanların, quşların səslərini sual kimi tərtib etmək nə dərəcədə doğrudur? Axı məntiq belə olmalı deyil...
Ekspert daha ətraflı “Sherg.az”a danışdı. Və belə tapşırıqların məqsədəuyğun olmadığını izah etdi:
“İllərdir ki, müxtəlif test nümunələrini əks etdirən test bankları nəşr olunur. Bir həftə əvvəl yeni test bankı təqdim edildi. Düzdür, topluda kifayət qədər maraqlı, yaxşı suallar var.
Amma məntiqi təfəkkürü yoxlayan test tapşırıq modellərinin lazımi sayda olduğunu nəzərə almalıyıq. Onların fonunda qeyri-ciddi, gülüş obyektinə çevriləcək sualların salınması tələbələrdə çaşqınlıq yarada bilər. Çünki bu cür nümunələr hazırlaşanların yaşlarına uyğun deyil və ümumiyyətlə, hansı bacarıqları yoxladığı bilinmir.
Hərçənd məntiq sualları çətin situasiyalardan çıxmaq, o cümlədən analiz, sintez qabiliyyətləri aşılamalıdır. Əlbəttə, bu barədə DİM-ə müraciət etsək, sualların sadəcə nümunə olduğunu bildirəcəklər. Amma həmin sualları müvafiq qurum tərtib edibsə, fikrimcə, nümunələr əsas baza rolunu oynayır. Məhz konkret nümunələri nəzərə alaraq deməliyəm ki, DİM sualları tərtib edərkən daha diqqətli olmalıdır”.
DİM-in mətbuat xidmətinin sözçüsü Xanlar Xanlarzadə isə səslənən iddialara belə cavab verdi:
“Magistraturaya qəbul imtahanı proqramı yanvar ayında dərc olunub. Ötənilki proqramla müqayisədə hər hansı dəyişiklik olunmayıb. İmtahan modelində də heç bir dəyişiklik yoxdur. Test toplularına gəldikdə isə qeyd edək ki, vəsaitlər daim təkmilləşdirilir və vəsaitə yeni tipli tapşırıqlar daxil edilir. Həmin tapşırıqların vəsaitə əlavə olunması magistraturaya və ya dövlət qulluğuna qəbula hazırlaşanların məntiqi bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır. Magistraturaya qəbul imtahanında test tapşırıqlarının çətinlik səviyyəsində dəyişiklik olunması nəzərdə tutulmur”.