"Vəziyyətin necə olmasından asılı olmayaraq, onlayn formada dərslər davam etdirilməlidir"
Peşə Təhsili üzrə Dövlət Agentliyinin verdiyi məlumata əsasən, pandemiyadan sonra peşə təhsili ilə bağlı "Teledərs"lərin efir yayımında müəyyən dəyişikliklər olsa da, onlayn olaraq müxtəlif videoplatformalarda həm Təhsil Nazirliyinin, həm də sosial şəbəkələrdə bu dərslərin yayımlanması davam edəcək.
Təhsil üzrə ekspert Nadir İsrafilov "Şərq"ə bildirib ki, əvvəllər peşə təhsili sahəsinə maraq az olsa da, indi bu məsələ günümüzün ən aktual mövzularındandır:
"Peşə təhsili elə bir sahədir ki, burda sadəcə nəzəri biliklər verilmir, eləcə də müxtəlif vərdiş və bacarıqlar aşılanır. Bu səbəbdən biz peşə təhsilini ön plana çəkməliyik. Həmin məsələ günümüzün aktual problemlərindəndir. Təhsil naziri son çıxışlarında da bu mövzuya toxunub ki, distant təhsil yaranmış vəziyyətlə bağlıdır. Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq. Hazırda təhsil sahəsində vəziyyətdən çıxış yolu kimi bütün imkanlardan istifadə olunur".
Nadir bəy deyir ki, vəziyyətin necə olmasından asılı olmayaraq, onlayn formada dərslər davam etdirilməlidir: "Biz tam ənənəvi təhsilə keçsək belə hibrid təhsil formasından istifadə edəcəyik. Bu demək deyil ki, sabah hər şey öz axarına düşərsə, distant təhsildən imtina etməliyik. Distant təhsil Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Bu formatda dərslər həmişə davam etdirilməlidir ki, insanlar hər cür vəziyyətə hazır olsun".
Aytac Ali