Onlayn təhsili artıq vərdişə çevirməliyik


Artıq hər kəs dərslərdə cavabına və biliyinə görə qiymətləndiriləcək

"Artıq bir ilə yaxındır ki, Azərbaycanda təhsil sistemi tamamilə onlayn qaydaya keçib. Nəzərə alsaq ki, biz 2020-ci ildə buna hazır deyildik. Ona görə də 2019/2020-ci illər tədris ili başa çatanda biz məktəbdaxili və ali təhsil müəssisələrindəki qiymətləndirmədə güzəştlərin labüd olduğunu bilirdik. Amma bundan sonra heç bir güzəşt olmayacaq".

Bu sözləri "Şərq"ə açıqlamasında təhsil eksperti  Kamran Əsədov deyib. O vurğulayıb ki, ölkəmizdə 2020/2021-ci tədrs ili tamamilə onlayn qaydada başlayıb: "Məlumdur ki, ölkəmizdə istər təhsilin təşkili, istər tədrisin həyata keçirilməsi, istərsə də qiymətləndirmə onlayn qaydadadır.

Bu o deməkdir ki, 2020-ci illə müqayisədə biz artıq bu formatda yaşamağa, işləməyə, təhsil almağa və  təhsil verməyi öyrəşmişik. Əminliklə söyləmək olar ki, qlobal təhsilalma forması olan onlayn təhsilin inkişafının birinci mərhələsi uğurla həyata keçib.

Pandemiyanın bizə verdiyi mesaj bu oldu ki, biz distant - məsafədən təhsili düzgün dəyərləndirib onun inkişaf etdirilməsinə nail olmalıyıq. Biz təmaslı təhsilin əhəmiyyətini azaltmayaraq ənənəvi təhsili də, distant təhsili də bir-birinə alternativ və yanaşı təhsil formaları kimi tətbiq etməliyik. Düzdür, distant təhsildə bəzi çatışmazlıqlar var.

Məsələn, hamının kompüteri və telefonu yoxdur ki, dərslərə qoşulsun. Amma etiraf edək ki, qoşulanların sayı 2020-ci illə müqayisədə bu il daha çoxdur. Ona görə də artıq onlayn təhsilə biz müvəqqəti təhsil forması kimi baxmamalıyıq. Yəni bu təhsil artıq keçici təhsil forması deyil".  

K.Əsədov qeyd edib ki, bundan sonrakı həyatımızda, hətta postpandemiya dövründə belə onlayn təhsil bizim təhsilalma formalarımızdan birinə çevriləcək: 

"Artıq bu formatda təhsil almağa və qiymətləndirməyə hazır olmalıyıq. Çünki yeni təhsil prosesindəyik. Ona görə də dərslər onlayn qaydada keçirildiyi üçün qiymətləndirmə də belə olacaq. Artıq hər kəs dərslərdə cavabına və biliyinə görə qiymətləndiriləcək. Biz öz həyatımızda onlayn təhsili və onlayn qiymətləndirməni adi bir vərdişə çevirməliyik. Birmənalı şəkildə qeyd edim ki, biz bu prosesə artıq hazırıq".