"Bir daha deyirəm ki..."

"Məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur"


Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın hicabla məktəbə gələn şagirdləri dərsə buraxmadığı deyilir. Məktəbdən bildirilib ki, T.Mirzəyevanın yanında hazırda polis var.

Valideyn şikayət etdiyi üçün məktəbə polis gəlib və faktı araşdırır. Məktəbdən hicab taxdığı üçün qovulduğu iddia edilən şagirdin valideyni Quliyeva İlhamə Balağa qızı isə deyib ki, əgər övladı məktəbə hicabla buraxılmasa, onu dərsə getməyə qoymayacaq. 

Bu məsələyə təhsil eksperti Kamran Əsədov münasibət bildirib: "İlk növbədə qeyd edim ki, ölkədə heç bir qanunvericilik aktı təhsil alan şəxslərə təhsil müəssisələrinə hicabla gəlməyə qadağa qoymur. 

Bildiyimiz kimi "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir.

Məktəbin nümunəvi əsasnaməsi var dərs mühitində, tədris prosesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır.
Yəni burada məktəbdaxili mühit və tədris prosesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedaqoji heyətinin məktəb pedaqoji şurasının qərarı ilə təsdiq olunan geyim forması var.

Daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir. Hər şey məktəbin daxili nizamnaməsinə uyğun olaraq məktəbdaxili mühitə hesablanmalıdır və o əsasda olmalıdır. 

Yaxşı olar ki, hər tədris ilinin əvvəlində pedaqoji şurada məktəbli forması təsdiq ediləndə hicabdan istifadə olunmuş nümunə də təsdiq edilsin. 
Amma etiraf edək ki, dövlət ümumtəhsil məktəblərinin heç biri bunu etmir ona görə də mütəmadi olaraq hicab taxmış şagirdlərlə bağlı müəyyən narahatlıqlar yaranır. 

Bir daha deyirəm ki, məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur.

Amma dünya ölkələrində fərqli mənzərə var. Misal üçün, son illərdə bir çox ölkələrdə məktəbli qızların dərsə hicabla gəlməsi qadağan olunub. Məsələn, 2017-ci ilin oktyabrında Qazaxıstanda bununla bağlı qərar qəbul edilib.

Ölkənin Təhsil və Elm Nazirliyi bildirmişdi ki, məktəblərdə bu və ya digər dinin birbaşa təbliğatı yolverilməzdir. Təhsil və elm naziri bildirmişdi ki, “dini atributların, geyimin, baş örtülərinin (hicab, papaq) geyinilməsinə indiyə qədər yol verilməyib, bundan sonra da bu, yolverilməz olacaq”.

2018-ci ilin oktyabrında isə Tacikistanda Təhsil Nazirliyi məktəbli qızlara hicab geyinməyi, oğlanlara isə saqqal saxlamağı qadağan etdi. Həmçinin nazirliyin qərarı ilə qızların dar şalvar, qısa geyimlər geyinməsi, parlaq makiyaj etməsi də qadağan olunub.

Türkiyədə isə əksinə, bir neçə il öncə hicablı şagirdlərin təhsil alma hüququnu məhdudlaşdıran hicab qadağası ləğv edilib.

Hətta “The Sunday Times” qəzeti üçün keçirilmiş sorğunun nəticələrinə görə, İngiltərədəki 800 ibtidai məktəbin 18 faizində hicab məktəbli formasının bir variantı kimi qəbul edilir. Bundan əvvəl Milli Dünyəvilik Cəmiyyətinin apardığı sorğu islam məktəblərinin, 27 ibtidai məktəb də daxil, 42 faizində hicabın icbari məktəbli forması kimi qəbul edildiyini göstərmişdi".

Aytac Ali