Onlayn təhsilin müsbət cəhəti: “Dinləyərək öyrənmə üsulu formalaşdı”

“2030-cu illərdə dəftər-qələm, oxuyub-yazmaq tarixə qovuşacaq, dinləmək və öyrənmək üsulu təhsildə əsas olacaq”

“Necə ki, qədimdə insanlar dəri, qaya üzərində kömürlə yazırdı, quş lələyindən yazı vasitəsi kimi istifadə edirdi, bunlar tarixdə qaldı”

“İsmayıllıda internet problemini görmədim. Hətta özüm təcrübə üçün dağa çıxdım, qapalı dərəyə düşdüm, internet var idi”

 “Onlayn dərsdə əsas məsələlərdən biri də şagirdlərin sevimli müəllimi olmağı bacarmaqdır ki, onlar bezməsinlər”



Pandemiya həyatımızda çox şeyi dəyişdi: iş rejimi, vərdişlər, gündəlik yaşam, təhsil sistemi. Məhz təhsildəki dəyişikliklər yeni metodu-onlayn tədrisin tətbiqini zərurətə çevirdi. Lakin bu məsələ ilə bağlı fikirlər müxtəlifdir. Valideynlərin əksəriyyəti ənənəvi tədrisi üstün tutsa da, bəziləri övladlarının onlayn formada təhsil almasını daha məqsədəuyğun hesab edir.
Onlayn təhsilin yaratdığı çətinliklər, şagirdlərin yeni sistemə olan münasibəti ilə bağlı İsmayıllı rayonunun  Zeyvə ümumi orta məktəbinin fransız dili müəllimi İlqar Göyüşovla həmsöhbət olduq:

- Pandemiya dövründə narahatlıq yaradan sahələrdən biri təhsil sektorudur. Müəllim-şagird və valideyn-müəllim arasında müəyyən anlaşılmazlıq olurdu. Bu problemlər həllini tapıb?

- Qəflətən bütün dünyanı mühasirəyə alan pandemiya sanki özünü insanlara fenomen bir müəllim kimi təqdim etdi. Pandemiya insanları həm cəzalandırdı, həm də öyrətdi. Koronavirus göstərdi ki, dünya hər an dəyişə və bu dəyişiklik bütün sektorlara-insanların həyat fəaliyyətinə, yaşam tərzinə təsir göstərə bilər.

İnsanlar bu kimi fövqəladə vəziyyətlərdə bilik və bacarıqlarından düzgün istifadə edib, sağlamlıqlarını qorumalı, həyat və fəaliyyətlərini dəyişikliyə uyğunlaşdırmalıdır. Buna məcburdurlar. Ən önəmlisi də psixoloji cəhətdən dəyişikliyə hazır olmalıdırlar.

Təhsil sektoru önəmlidir. Bir sözlə, təhsil cəmiyyətin həyatında ən mühüm faktordur. Buna görə də istər pandemiya dövrü, istərsə də pandemiyadan əvvəl və sonra təhsildə narahatlıqların olması labüddür.

Lakin əvvəlcə müəyyən etməliyik ki, bu narahatlıqlar hansı sosial qrupları əhatə edir: Təhsil alanlar, yoxsa təhsildən yayınmaq istəyənlər, bir neçə fərdin narahatlığıdır, ya böyük bir toplumun. İlk karantində təhsil sektoru dərhal iş fəaliyyətini pandemiyaya uyğun qurub, onlayn təhsil sisteminə keçdi. Təhsilin hamıya əlçatan olması üçün teledərslər də yaradıldı. 

- Bəs, narahatlıq nədir? 

- Mənə elə gəlir ki, ilk onlayn dərslərdə müəllim-valideyn, müəllim-şagird münasibətləri  düzgün qurulmadı. Çünki hamı çaş-baş düşmüşdü, bəzi müəllimlər hələ onlayn dərsə qoşulmaq imkanı olmayan  şagirdlərdən dərhal qoşulmağı tələb edirdi. Həmin şagird və valideyn də bundan aqressivləşib narazılığını sosial şəbəkələrdə bildirirdi.

Zaman keçdikcə münasibətlər düzgün qurulmağa başladı, hamı öz məqsədini, vəzifəsini anladı, təhsilə can atanlar özlərini internet resursları ilə təmin etdilər. Artıq onlayn dərslərdəki narahatlıqlar yoxa çıxmaq üzrədir. Onlayn təhsil insanlara qəribə görsənsə də, müsbət cəhətləri çoxdur.

- Onlayn tədris metodu dərslərin keyfiyyətinə necə təsir göstərəcək?

- Dərsin keyfiyyətinə mənfi təsirini düşünmürəm. Xarici bir məqalədə oxumuşdum ki, 2030-cu illərdə dəftər-qələm, oxuyub-yazmaq tarixə qovuşacaq, dinləmək və öyrənmək üsulu təhsildə əsas olacaq. Necə ki, qədimdə insanlar dəri, qaya üzərində kömürlə yazırdı, quş lələyindən yazı vasitəsi kimi istifadə edirdi, bunlar tarixdə qaldı. Həqiqətən gələcəkdə yazmaq və oxumaq tarixə qovuşacaqsa, dinləyərək öyrənmə üsulu olacaqsa, onlayn təhsilin nəyi pisdir ki?.

- Təcrübə göstərdi ki, onlayn təhsilə qatılmaq üçün bir çox ailənin nə interneti, nə kompüteri, nə də televizoru var. Yəni uşaqlar onlayn dərslərə qatıla bilmir. Bu problemi həll etmək üçün nə təklif edərdiniz?

- Fikrimcə, onlayn dərslər ilk dəfə başlayanda belə problemlərin olmağı qaçılmaz idi. Lakin hər kəsə əlçatan olan teledərslər yaradılmışdı. Kompüter hamıda yoxdu, amma televizorsuz ailə təsəvvür edə bilmirəm. Yoxdursa da televizor təmiri mağazasında 30 manata rəngli televizorlar çoxdur. Hətta 70-80 manata “Teams” proqramını təsdiqləyən işlənmiş telefon da tapmaq asandır.

Bir neçə dəfə televizorda afrikalı uşaqların təhsil həyatını izləmişəm. 3-4 cü sinifdə oxuyan 3 qız təhsil almaq üçün səhər tezdən səhrada bir neçə kilometr getdikdən sonra təhlükəli çayda qayığa minib əks istiqamətdə üzə-üzə gedib məktəbə çıxırdılar.

Hərdən yağış yağıb az qalırdı qayığı batıra. Buna baxmayaraq, onlar təhsil almaq üçün hər cür çətinliyə dözürdülər.
Məsələn, bizdə teledərs var, hər yerdə uşaq kitabxanaları mövcuddur, hər 4-5 qonşudan biri müəllimdir, demək olar hər kəsin qohum-əqrabasında ali təhsilli adamlar var.

Mağazalarda 3-4 manata izahlı kitablar da olur. Bir sözlə, bizdə bilik və bacarıq əldə etmək çox asandır, təhsil olduqca əlçatandır. Bura Afrika deyil axı. Müşahidəmə əsasən hər 10 nəfərdən 3-ü təhsilə can atır. İsmayıllıda internet problemini görmədim. Hətta özüm təcrübə üçün dağa çıxdım, qapalı dərəyə düşdüm, internet var idi. Telefonum da işlənmiş ucuz telefondur. Amma istisna adamlar olur ki, onlar öz problemlərini doğrudan da həll edə bilmirlər. Məncə kömək istəsələr, dövlət, cəmiyyət onlara öz yardımını əsirgəməz.

- Şagirdlərin onlayn təhsilə marağı varmı?

- Bəli, bir qrup uşaq var ki, onlayn təhsildən xüsusi zövq alır. Onlayn dərsdə əsas məsələlərdən biri də şagirdlərin sevimli müəllimi olmağı bacarmaqdır ki, onlar bezməsinlər.

- Müəllim necə əmin ola bilər ki, şagird tapşırığı özü həll edir?

- Biz artıq ilk dərs günü uşaqları kəşf edirik. Onların xarakterinə, psixologiyasına bələd oluruq. O qədər də fəal olmayan şagird tapşırıq üzrə böyük nəticə göstəribsə, bu zaman şübhəli vəziyyət meydana çıxır. O zaman həmin tapşırıq üzrə bir-iki sadə sual verib müəyyən edirik ki, şagirdə əlavə kömək ediblər ya yox.