Gərək əmək bazarının tələblərinə cavab verən yeni sistem formalaşsın
"Məhdud sayda orta ümumtəhsil məktəblərində peşə təmayüllərinin açılması heç bir effekt verməyəcək"
"Texniki peşə məktəbləri və kolleclərində tədris olunan proqramlar əksər hallarda eyni olur və proqramlar təkrarlanır"
Ölkədə peşə təhsilinə maraq göstərənlərin sayı ildən-ilə artmaqdadır. Təhsil naziri Emin Əmrullayev də "Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin təqdimatı zamanı bildirib ki, bu il əvvəlki illərə nisbətən peşə təhsilini seçənlərin sayında 27 faiz artım müşahidə olunub.
O qeyd edib ki, gənclərin peşə təhsilinə olan marağını artırmaq məqsədilə 35 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər də açılıb. Bu günləri peşə təhsillinə maraq nə səbəbdən qaynaqlanır? Peşə təhsilində daha çox nələrə üstünlük verilməlidir? Nə üçün ali təhsil alan gənclərimiz peşə təhsili alanlardan fərqli olaraq iş tapa bilmirlər?
Bu barədə "Şərq"in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrində əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı demək olar ki, tam şəkildə həyata keçirilmir:
"Universitetlərimizin məzunlarının yalnız 42 faizi ali təhsilini başa vurduqdan sonra işlə təmin olunur. Bu ona görədir ki, onların bilik və bacarıqları əmək bazarının tələbinə cavab vermir. İlk növbədə orta və ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bilik və bacarıqları əmək bazarının tələblərinə cavab verməlidir. Lakin göründüyü kimi, universitet məzunlarının yalnız 42 faizi işlə təmin oluna bilir. Orta ümumtəhsil məktəblərini bitirənlərin yalnız 40 faizi ali təhsil almağa gedir. Hesab edirəm ki, məhdud sayda orta ümumtəhsil məktəblərində peşə təmayüllərinin açılması heç bir effekt verməyəcək. Birincisi, ora gedən uşaqların sayı tam şəkildə formalaşmayacaq. İkincisi, orada bu tədrisi həyata keçirəcək müəllimlər və resurslar yoxdur. Üçüncüsü də bizim orta ümumtəhsil məktəblərimizin maddi-texniki bazası standartlara cavab vermir və ümumiyyətlə, yoxdur. Hesab edirəm ki, buna vəsait ayırmaq sadəcə vaxt itkisidir".
Təhsil eksperti qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda texniki peşə təhsili sisteminə maraq aşağı səviyyədədir:
"İnkişaf etmiş ölkələrdə məzunların 40-60 faizi ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11 faizdir. Ölkədə 5500 nəfərdən artıq işçi heyətinə malik olan 116 dövlət və iki özəl texniki peşə məktəbi və kolleci fəaliyyət göstərir.
Bu məktəb və kolleclərin qeydiyyatdan keçmiş və 150-dən artıq müxtəlif fənn və ixtisas üzrə təhsil alan 23800-dən artıq tələbəsi var. Azərbaycanda ilkin texniki peşə təhsili sistemində bir çox problemlər mövcuddur.
Texniki peşə məktəbləri və kolleclərində tədris olunan proqramlar əksər hallarda eyni olur və proqramlar təkrarlanır. Digər mövcud problemlərdən biri də bir çox təhsil müəssisələrinin əsasən qaçqın və məcburi köçkün ailələrinin yaşadığı yerə çevrilməsidir. İlkin peşə təhsili müəssisələrinin binaları olduqca köhnəlmiş vəziyyətdədir və dövlət büdcəsindən maliyyələşmə mexanizmləri qeyri-müəyyəndir.
Məktəb və kolleclərdə istifadə edilən dərslik və tədris planları çox vaxt müasir tələblərə cavab vermir. Münasib maliyyələşmə mexanizmlərinin və əlaqədar hüquq normalarının, eləcə də təhsil müəssisələrinin fəaliyyətləri üçün qabaqcıl monitorinq və qiymətləndirmə mexanizmlərinin olmaması və işçi heyətinin təlim səviyyəsinin qeyri-müəyyən olması da problemlər arasındadır. Bir çox hallarda müxtəlif sahibkarlıq tiplərinə aid olan müəssisələrlə texniki peşə təhsili müəssisələri arasında əlaqələrin zəif olması, ümumi təhsil müəssisələrində peşə təmayüllərinin olmaması və təhsil müəssisələrinin əmək bazarının ehtiyaclarına cavab verə bilməməsi kimi problemlərlə də qarşılaşılır".
K.Əsədov hesab edir ki, Azərbaycan tez bir zamanda əmək bazarının tələblərinə cavab verə biləcək yeni və daha cəlbedici ilkin texniki peşə təhsili sistemi imici formalaşdırmalıdır:
"Hazırda məzunlarla əmək bazarının tələbləri arasında kəmiyyət və keyfiyyət baxımından böyük uçurum var. Bu addım ölkənin müasirləşdirilməsinə və beynəlxalq müstəvidə rəqabətə davamlılığının təkmilləşdirilməsinə kömək edəcək. Yeni texnologiyaların yaradılması və enerjiyə qənaət, alternativ enerji və yaşıl texnologiya daxil olmaqla texnoloji və ekoloji istehsal tələbləri baxımından tələb olunan iqtisadi və sosial dəyişiklikləri sürətləndirən innovasiyaların təqdim edilməsi də bu addımın tərkib hissələri olmalıdır. Tədris prosesini müasirləşdirmək üçün texniki sahə üzrə lazımi bacarıq və biliklərə malik olan daha çox müəllim yetişdirilməlidir.
Səmərəsizliyin və ancaq özəl sektorun inkişafının dəstəklənməsinin qarşısını almaq üçün dövlət texniki peşə təhsili sistemi səmərələşdirilməlidir. Müasirləşdirmə təkmilləşdirilmiş hüquq normaları vasitəsilə müasir tələblərə, texniki peşə təhsili işçilərinin təkmilləşdirilmiş tədris prosesinə, maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsi, eləcə də təkmilləşdirilmiş idarəetmə strukturlarına əsasən həyata keçirilməlidir.
İlkin texniki peşə təhsili sistemində çalışan əməkdaşların təkmilləşdirilmiş tədris, təkrar tədris və professional irəliləyiş proseslərindən keçmələrinə, maddi baxımdan daha yaxşı motivasiya olunmalarına, eyni zamanda texniki sahə üzrə müəllimlər üçün fəaliyyətlərinin qiymətləndirilməsi yolu ilə dərəcələr üzrə və rəqabətə əsaslanan əmək haqqı miqdarlarının yaradılmasına ehtiyac var.
Texniki peşə təhsili sisteminin dəyişməsi üçün digər mühüm sahə maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsidir. Biz çoxmənbəli maliyyə sxemləri tətbiq etməli və təhsil müəssisələrinin özlərini maliyyələşdirməsi yolu ilə, müvafiq hökumət fondlarından və beynəlxalq dəstək proqramlarından səmərəli şəkildə istifadə edərək ilkin texniki peşə təhsili müəssisələrinin maddi-texniki təminatını qismən təkmilləşdirməklə büdcədənkənar vəsaitlərin əldə edilməsinə nail olmalıyıq".