Təhsilimiz də Türkiyə modelinə keçsin: “12 illik sistem...”

“Əks halda tədris planları, proqramları arasında ziddiyət yaranacaq”

 
 “Ordumuz Türkiyə modelinə keçəcək... Yaxşı!....Əla!...Təhsili də keçirsəydilər...”.
Bu sözləri tanınmış pediatr Vaqif Qarayev özünün “Facebook” hesabında yazıb. O, təklifini belə əsaslandırıb: “Mən çoxdanıncı illərdə tibb tələbəsi olaraq bu fənnləri oxumuşam: “Sov İKP tarixi”, “Siyasi iqtisad”, “Elmi kommunizm”, “Elmi ateizm”, “Fəlsəfə”. Guya həkim hazırlayırdılar...

Tibbi təhsil indi də arzu olunan səviyyədə deyil...Olsaydı, əksəriyyət uzmanlıq üçün Türkiyəyə qaçmazdı...Bir dəfəlik keçək o sistemə, bitsin!”. 
Əlbəttə, Türkiyə təhsil sisteminin inkişaf etdiyini və bizim onlardan öyrənəcəyimiz xeyli məqamın olduğu danılmazdır. Yaxşı, bəs bu mümkündürmü?



Təhsil eksperti Nadir İsrafilov həkimin təklifini “Sherg.az”a dəyərləndirdi: 

“Ümumiyyətlə, dünyada beş əsas təhsil modeli var: Almaniya, Skandinaviya, Yaponiya, Almaniya və Fransa. Biz Sovet dövründə alman təhsil sistemindən istifadə edirdik. Sonradan vəziyyət dəyişdi. İndi öz təhsil modelimiz yoxdur.

Daha betəri isə nə Sovet təhsil modelindən ayrılmışıq, nə də Qərbə tam inteqrasiya etmişik. Boloniya sisteminin tətbiqi əslində Qərbin tələbidir.

Hərçənd Boloniya sistemini də hələ tam mənimsəyə və tətbiq edə bilmirik. Əlbəttə, ya öz təhsil modelimizi yaratmalı, ya da başqa bir ölkənin, o cümlədən Türkiyənin modelindən yararlanmalıyıq. Türkiyə təhsil sisteminin üstünlükləri çoxdur. Sadəcə bunun reallaşması üçün əvvəlcə 12 illik təhsil sisteminə keçirilməlidir.

Əks halda tədris planları, proqramları arasında ziddiyət yaranacaq”