"Dünyanın heç bir ölkəsində informatikadan testlə imtahan iştirakçının biliyi yoxlanılmır"
Magistraturaya qəbul imtahanında informatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil. Bu barədə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı ilə bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatlarda qeyd edilib.
Bildirilib ki, bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7.64-ə bərabər olub), cəmi 1 nəfər bütün suallara düzgün cavab verib. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11.70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12.69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 baldan (median 7.86-ya bərabər olub) və 9 baldan (median 8.50-yə bərabər olub) aşağı nəticə göstərib.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında təsdiqləyib ki, magistraturaya qəbul imtahanında informatika fənni üzrə nəticələr o qədər də ürəkaçan olmayıb. Onun sözlərinə görə, bu, bir neçə amillə bağlıdır:
"Birincisi, informatika elə bir fəndir ki, onun test yolu ilə imtahanlara cəlb edilməsini düzgün hesab etmirəm. Çünki o, birbaşa bacarıq tələb edən sahədir. Buna görə də mütləq olaraq insanların informatikadan bacarığını testlə deyil, kompüterdə müəyyən proqramlarla yoxlamaq daha məqsədəuyğun olar. Yəni "Word" proqramında yazılmış yazını hansı düymədən istifadə etməklə silmək və ya mətnin formalarını necə dəyişdirmək olar deyə test yolu ilə soruşmaq düzgün deyil. İkincisi, bildiyimiz kimi, əməliyyat sistemi müxtəlifdir. Kimi "Windows 2010", kimi isə "Windows 2020"-dən istifadə edir ki, bunlar da tamamilə biri-birlərindən fərqlənirlər".
K.Əsədov əlavə edib ki, eyni zamanda bu proqramları rus və ingilis dillərində istifadə edənlər də var ki, bu da müəyyən çaşqınlıqlara səbəb olur:
"Düzdür, Dövlət İmtahan Mərkəzi informatikadan kitab nəşr edib. Amma bu, test üçün yetərli deyil. İnformatikanı biz testlə yoxlamalı deyilik. Hesab edirəm ki, informatikadan hər hansısa bir tapşırıq verilməli, həmin şəxs onu yerinə yetirməlidir. Əzbərçiliklə, misal üçün, hansı alətdən istifadə edərək şəkil böyüdülə və ya kiçildilə bilər, yaxud da ki, xanaların yaradılmasında mövcud funksiyalar barədə bu üsulla soruşmaq düzgün deyil. Bunu testlə yoxlamaq yerinə, hər hansısa bir tapşırıq verib kompüterdə mətn yazmaqla yoxlamaq daha effektli olar. Yəni bu, yaddaş yoxlayan test deyil. İnformatika konkret olaraq bacarığı yoxlamaq üçün istifadə olunan modeldir. Dünyanın heç bir ölkəsində informatikadan testlə imtahan iştirakçının biliyi yoxlanılmır. İnformatika yalnız vərdişdən yoxlanıla biləcək bir sahədir. Ona görə də imtahan iştirakçıları məhz informatikadan o qədər informasiya resursunu yadda saxlaya bilmir. Nəticədə imtahan nəticələri aşağı olur".