Məktəblərdə kişi müəllimlərinin sayı getdikcə azalır


Uşaq məktəbə gedən andan oranı özü üçün ikinci ailə, ev sanır. Buna görə də orta təhsil almaqla kifayətlənən gənclərin müəyyən təməli olmuş olur. Hər ailənin ata və anası olduğu kimi məktəbdəki ailənin də valideyni olmalı idi ki, uşaq mühitlə uyğunlaşa, inkişaf edə bilsin. 
Əvvəllər məktəblərin yetərli sayda həm kişi, həm də qadın müəllimləri olurdu ki, şagirdlər hər iki cinsdən də özləri üçün nümunə götürə bilirdilər. Lakin zaman elə dəyişib ki, hazırda qadın müəllimlərin sayı kişi müəllimlərin sayının heç üçdə birini təşkil etmir. 

Məktəbi ailəyə, müəllimləri də valideynə bənzətməyimiz heç də qəribə və təsadüfi deyil. Atasız ailədə böyüyən birinin necə fərqli yetişdiyi kimi, günümüzdə məktəb və universitetlərdə kişi müəllimlərinin sayının az olmasının da şagirdlərin yetişməsinə ən az o qədər təsiri var. 
Məktəb və universitet müəllimləri arasında kişilərin az olması son onillikdə zaman-zaman gündəmə gəlib. Bu gün də bu məsələ gündəmdədir. 

Məsələ haqqında "Şərq"ə danışan "Gələcək Gənclər" İctimai Birliyinin sədri Kazım Məmmədov bildirdi ki, bu sənətdə məsələ kişilərin azalmasında deyil, qadınların çoxalmasındadır:

"Əvvəllər müəllimliyə ilahi bir peşə kimi baxırdılar. Kişili qadınlı hər kəs bu sənətə meyl edirdi. Amma sonralar belə bir fikir formalaşdı ki, "müəllimlik qadın sənətidir. Qoy evlənəndən sonra da işləyə bilsin, səhər işə getsin, günorta qayıtsın". Mənim özümə də maraqlıdır ki, bu absurd düşüncəni kim və ya kimlər gündəmə gətirib. Bunun səbəbindən kişilər nəinki orta məktəb müəllimliyindən, hətta universitetlərdə dərs deməkdən də çəkinirlər. 

Bütün bu səbəblərə görə qadınların sayı müəllimlik sənətində görülməmiş sayda artmağa başladı. Hətta qızlar gələcəkdə işləməsələr belə deyirlər ki, heç olmasa, müəllimlik oxuyum, əlimdə diplom olsun. 

İstər-istəməz bir cinsin çoxluq təşkil etdiyi ortamda digər cinsin nümayəndələri ordan təcrid olunur. Kişilər də düşünürəm ki, bu səbəbdən seçim edəndə müəllimliyi yox, digər sahələri seçməyə maraq göstərirlər.
Necə ki, təhsil alanların bir qismi qız, digərləri oğlandır, müəllimlər də kişili-qadınlı bu sənətdə varlığını bildirməlidirlər".

Ağarza Elçinoğlu