Heç olmasa, həftədə bir 45 dəqiqə psixoloqa dərs ayrılmalıdır
Ölkəmizdə dərs yükünün ağır olması heç kəsə sirr deyil. Xüsusilə də, yuxarı sinif şagirdləri tədrisdə həddən artıq yüklənirlər. Həm fiziki, həm zehni, həm də emosional formada. Problemlərdən biri də dərsdən sonra onların 5-6 fəndən hazırlığa getməsi və axşam evə qayıdıb bu dərsləri oxumasıdır. Bütün bunlar istər-istəməz məktəblilərin psixoloji durumuna çox təsir göstərir.
Üstəlik, son 1 ildəki qapanmalar da uşaqların psixoloji durumuna lap məhv təsir göstərdi. Psixoloji durumdan söhbət düşmüşkən qeyd edək ki, son günlər ictimaiyyətdə əsas müzakirə mövzularından biri məktəblərdə psixoloqların sayının və keyfiyyətinin artırılması, bu fəndən dərslərin tədris olunması məsələsidir. Hər kəsə məlumdur ki, məktəblərdə psixoloq var, amma psixoloqun dərs saatı yoxdur. Bəzi valideynlər övladlarına psixoloq dərslərin keçirilməsini istəyir. Çünki onlar hesab edirlər ki, yeniyetməlik dövründə uşaqlara mütləq psixoloji yardım lazımdır. Valideynlər heç olmasa həftədə 1 saat dərsin ayrılmasının tərəfdarıdırlar. Müəllimlər də bu fikirdədirlər. Onlar bununla şagirdlərin psixoloji durumunu izləməyin mümkün olacağını zənn edirlər.
Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında tədris sisteminin yükünün çoxluğunun uşaqlarda müəyyən gərginliklər yaratdığını vurğulayıb:
"Qəbul və buraxılış imtahanlarının çətinliyi, eyni zamanda tədrisin onlayn qaydada olması onların şəxsi həyatlarına təsir edir. Nəticədə həm sinif yoldaşlarına, həm də ailə üzvlərinə qarşı münasibətləri tamamilə pozulur. Təxminən 30 il bundan əvvəllə müqayisə etsək, görərik ki, bizim şagirdlərimiz o zaman informasiya almırdılar. Yalnız bir telekanal var idi, təbii ki, internet yox idi.
Ancaq məktəbə gedib, gəlirdilər. İndi isə informasiyanı sosial şəbəkələrdən - "Whatsap" və "facebook"dan alırlar. Yəni bu günləri uşaqların informasiya yükü həddən artıq çoxdur. Təbii ki, onların yaşları bunu qaldıra bilmir.
Burda birmənalı şəkildə iş təbii ki, məktəbin üzərinə düşür. Məktəb deyəndə burda məktəb direktoru, direktor müavini, sinif rəhbəri, əsas da məktəb psixoloqu şagirdlərlə işləməlidir. Bu gün məktəblərimizdə məktəb psixoloqu ştat sahibi olsa da psixoloqların iş fəaliyyəti ilə bağlı konkret müddəalar müəyyənləşməyib. Düzdür, biz problemləri psixoloqlarda görürük.
Amma psixoloqların fəaliyyəti üçün də problemlər var. Yəni onlara ayrıca iş saatı verilməyib. Ayrıca otaq, maddi texniki baza, avadanlıqlar yoxdur. Bunlar çox ciddi məsələlərdir.
Vəziyyətdən çıxış yolu kimi biz nə edə bilərdik? Ən azından biz bilirik ki, 2020-ci ilin martın 3-dən dərslər ənənəvi qaydada deyil, onlayn formada keçirilir. Bu onlaynda məktəb psixoloqları üçün iş saatları ayrılmalı idi. İkincisi, məktəb psixoloqu məktəbin sosial şəbəkə hesabında, eyni zamanda internet resurslarında psixoloji testlər, motivasiya məqalələri, tədqiqatlar olmalı idi və onu uşaqlar oxumalı idilər".
K.Əsədov bu günləri bu sahədə daha fəallıq nümayiş etdirməyin vacibliyinə diqqət çəkib:
"Məktəblilərin intiharında hamımızın günahı var. Çünki uşaqlara informasiyanı veririk, amma onlara problemdən çıxmağa köməklik göstərmirik. Düşünürəm ki, bütün təhsil ictimaiyyəti gənclərin yanında olmalıdır.
Onları böhranlı vəziyyətdən çıxmağa kömək etməlidir. Təəssüf ki, məktəblərdə psixoloqların fəaliyyəti üçün hər hansı bir nizamnamə yoxdur. Heç olmasa, onlayn formada cədvəl müəyyənləşdirilən zaman həftədə bir 45 dəqiqədə psixoloq saatı ayırsınlar.
Məsələn, bu günləri 6 dərs varsa, uşaqlar 3 dərs keçdilər, 4-cü dərsdə isə psixoloq dərsi olmalıdır ki, uşaqlar yorğunluqdan çıxsınlar. Onlarla psixoloji söhbətlər aparılsın. Hesab edirəm ki, bunlar olmadığı təqdirdə hələ də ciddi problemlərimiz olacaq".