Direktor özbaşınalığı:“Otaqlarına kamerlar yerləşdirilsin”

“Onların bütün hərəkətləri izlənilməlidir”

“Eyni zamanda hansısa şikayət daxil olarsa, həmin direktor vəzifəsindən dərhal azad edilməlidir” 


Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktorunun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Abşeron Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, Samirə Əkbərova adlı həmin məktəbin direktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib. O, Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilən qaydalarından kənar ayrı-ayrı vətəndaşlara onların həm özünün direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə xeyli miqdarda pul müqabilində müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, həmin vətəndaşların 30 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hər zaman məktəb direktorları ilə bağlı xoşagəlməz hadisələrin şahidi olduğumuzu vurğulayan təhsil üzrə ekspert Elçin Əfəndinin “Sherg.az”a açıqlamasına görə, yalnız Bakıda deyil rayonlarda olan məktəb direktorları da vətəndaşlardan müəyyən vəsait alıb onlara yalan vədlər verirlər:

“Məktəb direktorları yalnız bununla kifayətlənmir, həmçinin adları şəhər məktəbində olan vətəndaşların övladlarının adını rayon məktəblərinə yazdırırlar. Bunun da qarşılığında valideynlərdən müəyyən miqdarda məbləğ alırlar. 

Təbii ki, bunların hər biri qeyri-qanuni əməllərdir. Təəssüf ki, Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılsa da, nəticəsiz qalır. 
Problemi kökündən həll etməyin yeganə yolu hər bir məktəbdə direktorun otağına müvafiq kamerların yerləşdirilməsidir. 
Onların bütün hərəkətləri izlənilməlidir. Eyni zamanda hansısa şikayət daxil olarsa, həmin direktor vəzifəsindən dərhal azad edilməlidir. 
Bu kimi hallar tətbiq olunsa, məktəb direktorlarının yol verdiyi qanunsuzluq faktları aradan qalxa bilər”.