Nazirdən məktəb direktorlarına TAPŞIRIQ

Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyət, yeni tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunan onlayn müşavirələr keçirilib. 

Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən müşavirələrdə rayon (şəhər) təhsil şöbə (idarə) müdirləri, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və respublika ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin direktorları da iştirak ediblər.

Firudin Qurbanov yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə danışıb. Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili zamanı nizam-intizam və təhlükəsizlik məsələlərinə toxunub, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib.

Müşavirələrdə təhsil işçilərinin vaksinasiyası prosesinə də toxunulub. Qeyd edilib ki, vaksinasiya və ya immun pasportu, vaksinə qarşı əks göstəriş sertifikatı olmayan müəllim və texniki işçilərin təhsil müəssisələrinə buraxılmasına icazə verilməyəcək.