“Səhiyyə rüşvət, təhsil rüşvət, doğulmaq rüşvət, ölmək rüşvət...

Rumiyyə Miraslan:“Sistemdə olmayan muəllimin sinfinə valideyn uşağını necə qeydiyyata sala bilər?!”

Kamran Əsədov: “Elektron portal açılan kimi həmin müəllimlər qısa müddət ərzində uşaqları siniflərinə qeydiyyatdan keçirirlər”


Jurnalist Rumiyyə Miraslan Azərbaycan təhsil sistemindəki nöqsanlarla bağlı Feysbuk hesabında paylaşım edib. O qeyd edib ki, nə qədər islahatlar aparılsa da, korrupsionerlər həbs olunsa da, heç nə düzəlmir, murdarlar əməllərini davam etdirirlər:

“Bu ilin yanvar ayında qardaşımın oğluna məktəb axtarırdıq, məlum oldu ki, seçdiyimiz 76 nömrəli məktəbdə yaxşı müəllimlərin sinfinə düşmək üçün qabaqcadan pul yığılır. Direktor Nəsimi Quliyevlə danışdım, vəziyyəti ərz etdim. bildirdi ki, elə bir şey yoxdur, uşağı məktəbəhazırlığa qəbul onlayn aparılır, özümüz məktəb və muəllim seçməliyik. Avqustun 12-si qəbul başladı, sistemdə iki sinif vardı, Türkan muəllim və vakant sinif. Vakantda kimin olduğunu bilmədiyimiz üçün Türkan muəllimi seçdik. İki gün əvvəl ərizəni çap edəndə baxıram ki, uşağın müəllimi dəyişib, sistemdə adı olmayan bir müəllimin sinfinə yazıblar. Və bu barədə də heç bir məlumat verilməyib bizə. Direktorla danışıram, deyir ki, uşaq çox olub, əlavə sinif açılıb və 6-7uşağı (yəni pul verməyənləri) həmin sinifə yerləşdiriblər. Bunu da Təhsil İdarəsinin etdiyini iddia edir. Təhsil İdarəsi isə qeyd edir ki, bizlik deyil, valideyn edib. İndi mən sual edirəm, sistemdə olmayan muəllimin sinfinə valideyn uşağını necə qeydiyyata sala bilər? 

Bəsdir insanların hisslərini, əsəblərini tarıma çəkdiniz, nə qədər şikayət edəcəyik axı! Səhiyyə rüşvət, təhsil rüşvət, doğulmaq rüşvət, ölmək rüşvət. Düşmənisiz bu millətin, damarınızda erməni qanı axır? Sizin ucbatınızdan övladlarımızın təhsildə təməlini niyə rüşvətlə qoymalıyıq? Az öncə Təhsil İdarəsində bu işə baxan Namiq Ağayev əlləm-qəlləm işlərinə görə uzaqlaşdırıldı axı vəzifəsindən. Niyə onun aqibəti sizlərə dərs olmur?!!!”

Məlum faktla bağlı “Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbəhazırlıq qruplarına qeydiyyat mərkəzləşmiş elektron portal vasitəsilə həyata keçirilir:

“Əvvəl valideynlər övladlarını məktəbə qoymaq üçün direktorun, müəllimin yanına gedirdilərsə, artıq proses onlayn qaydada, kənar müdaxilə olmadan, şəffaf şəkildə həyata keçirilir. Yəni hazırda heç kim deyə bilməz ki, məktəbəhazırlıq qruplarına qəbul bu və ya digər yollarla reallaşdırılır”.  

Ekspert həmçinin vurğulayıb ki, bir çox hallarda valideynlər hazırlıq qrupu yaxud da ibtidai sinif müəllimləri ilə öncədən razılığa gəlirlər:

“Onların sənədləri həmin məktəb, müəllim tərəfindən yığılır. Şəxsi kabinet laboranta və ya digər texniki işçiyə verilir. Elektron portal açılan kimi həmin müəllimlər qısa müddət ərzində uşaqları siniflərinə qeydiyyatdan keçirirlər və bu zaman valideynə elə məlumat verirlər ki, sanki bu qabaqcadan həll olunub, amma belə deyil. Daha sonra başqa bir valideyn  müraciət edəndə görür ki, artıq müəllimin sinfi dolub”. 

K.Əsədov onu əlavə edib ki, birinci siniflərə, məktəbəhazırlıq qruplarına qəbul zamanı qeyri-şəffaflıq birmənalı şəkildə mümkün deyil:

“Bunu heç kim edə bilməz. Çox təəssüflər olsun ki, bəzi məktəb və müəllimlər elektron xidmətlərdən sui-istifadə edərək bu hallara yol verirlər. 

Məktəbəhazırlıq qrupuna getməyən uşaqlar üçün də birinci sinfə qəbulla bağlı heç bir problem yoxdur. Həmin valideyn birinci sinifdə istədiyi məktəbə övladını qoya biləcək. Orada nə direktorun, nə də müəllimin hər hansı bir səlahiyyəti var”.

Sücayət Mehti