"Təhsil kreditlərinin şərtləri ilə bağlı çoxlu suallar var"



“Kreditin müəyyən faizinin dövlət tərəfindən ödənilməsi baş tutsaydı, məbləği rahat qaytarmaq olardı”

“Bir var 5 min manat ödəyəsən, bir də var ki, dövlət kreditin 50 faizini ödəyir və 2500 manatı qaytarmaq tələbəyə daha rahat olur”


Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, oktyabr ayının əvvəli üçün təhsil tələbə kreditlərinin verilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu il 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək:

"Təhsil tələbə kreditlərindən həm bakalavr, həm də magistrlar yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib".

N.Məmmədli bu il ali məktəbə qəbul olan I kurs tələbələrinin qeydiyyat mərhələsində ödəniş etmələri ilə bağlı məsələyə də aydınlıq gətirib. O, qeyd edib ki, qaydalara əsasən I kurslar qeydiyyat zamanı təhsil haqlarını ödəməlidirlər:

"Lakin tələbənin kreditlə əlaqəli müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək".

Mövzunu “Sherg.az”a dəyərləndirən təhsil üzrə ekspert Rafiq İsmayılov vurğulayıb ki, təhsil kreditlərinin sonradan qaytarılması məsələsi var.

Ekspertin sözlərinə görə, imkansız ailələrin həmin kreditləri sonra geri ödəyib-ödəyə bilməyəcəklərinə dair çoxlu suallar mövcuddur:

“Tələbələrə təhsil kreditlərinin verilməsi dünyada qəbul olunmuş bir haldır. Ancaq tələbə təhsilini başa vurduqdan sonra həmin məbləği qaytarmalıdır. Ölkəmizdə isə belə bir təminat verilir ki, həmin tələbə universiteti bitirdikdən sonra haradasa işə götürüləcək və maaşından həmin kredit tutulacaq? 

Şəxsən mənim imkanım olmasaydı və perspektivdə pulu qaytara biləcəyimi dəqiq bilməsəydim, tələbə və yaxud valideyn olaraq bu addımı atmazdım. Çünki verilən krediti geri qaytarmaq lazımdır. 

Amma kreditin müəyyən faizinin dövlət tərəfindən ödənilməsi baş tutsaydı, məbləği rahat qaytarmaq olardı. Bir var 5 min manat ödəyəsən, bir də var ki, dövlət kreditin 50 faizini ödəyir və 2500 manatı qaytarmaq tələbəyə daha rahat olur”.

 Yeganə Bayramova