Məktəblərə gələn valideynlərdən COVID-19 pasportu tələb edirlər? - AÇIQLAMA


Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda fəaliyyət göstərən məktəblərin əksəriyyətində övladlarının işləri ilə bağlı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər ora buraxılmır. 

İddia edilib ki, buna Təhsil Nazirliyi tərəfindən Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verilib.

Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən valideynlərə COVID-19 pasportu ilə bağlı heç bir tələb qoyulmayıb:

“Nazirlik yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoyub”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşın vaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb.