1 il 6 aydan sonra...

Orta məktəblərdə tədrisin tam şəkildə bərpası böyük hadisədir

Dünən ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 2021-2022-ci tədris ilində I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. Yeni tədris ilinin ilk gününədək 5 əsaslı təmir olunan, 17 yeni tikilən, 15 modul tipli məktəb istifadəyə verilib. Qeyd edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də ənənəvi şəkildə tədrisə başlanılacaq.
Məktəblərdə dərslər hansı qaydada dayandırılacaq?

Azərbaycanda məktəblərdə dərslərin hansı qaydada dayandırılacağı müəyyən edilib. Qeyd edilib ki, təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.

Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər dəyişib

Qüvvədə olan qərara əsasən, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunmalı və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməli idi. Dəyişikliyə əsasən, 1,5 metr məsafə tələbi 1 metrə endirilib. Beləliklə, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1 metr sosial məsafə təmin olunmalı və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1 metr) gözlənilməlidir.

Şagirdlər fasilələrdə təmiz havaya çıxacaqlar

"Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"ndakı dəyişikliyə əsasən, dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılacaq. Qeyd edək ki, bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilib. Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nın təsdiq edilməsi barədə" 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında qərar qəbul edib.

Bakı məktəblərinin həyətlərinə valideynlər buraxılmır?

Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, direktorlar problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər: "Əgər həqiqətən ciddi sıxlıq varsa, sıxlığın aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür. Düzdür, şənbə günü ilə bağlı müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbərləri sorğu keçirərək buna əsasən işlərini qura bilərlər".

Mehriban Vəliyeva paytaxt məktəblərinin həyətlərinə valideynlərin buraxılmaması məsələsinə münasibət bildirib. Mehriban Vəliyeva valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib: "Valideynlər təhsilin bir parçasıdır. Onlar da bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbə isə yalnız COVID -19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamlarda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin". O bildirib ki, hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var. Vaksinasiyadan keçməyənlər tədrisə cəlb olunmur. Bu məsələyə də məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər. Tədrisə cəlb olunmaq üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır. Əgər bir təhsil müəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin müəssisədə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub.

Yaşı 65-dən yuxarı olan müəllimlər tədrisə cəlb olunacaqmı?

Təhsil Nazirliyi xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan müəllimlərin tədrisə cəlb olunub-olunmayacağına aydınlıq gətirib. Təhsil Nazirliyindən  bildirilib ki, yaşı 65-dən yuxarı olan təhsilverənlərin daimi işə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələrin onların iş vaxtına daxil edilməsi və əməkhaqqının saxlanılması ilə bağlı bənd (4.2.3.) ləğv edilib.

Təhsil-eksperti Kamran Əsədov "Şərq"ə yeni tədris ilinin ilk günü ilə bağlı danışıb. O, açıqlamasında ilk olaraq qeyd edib ki, 1 il 6 aydan sonra orta ümumtəhsil məktəblərində tədrisin tam şəkildə bərpası böyük hadisədir: "Bu məsuliyyəti üzərinə götürdüyünə görə Təhsil Nazirliyinə, hökumətə təşəkkürümüzü bildiririk. Biz bu gün Bakının Xətai, Nəsimi, Binəqədi, Xəzər rayonlarında monitorinqlər apardıq. Müşahidələrimizə əsasən deyə bilərik ki, kifayət qədər uşaqlar böyük əhval-ruhiyyə ilə məktəbə gedirdilər. Ancaq təəssüflər olsun ki, hələ də əvvəlki ənənələrimiz davam edir. Valideynlərimiz ölkədə pandemiya dövrünün davam etdiyini tamamilə unudublar. Çox təəssüflər olsun ki, məktəblərdə apardığımız monitorinqlər göstərdi ki, birinci sinfə övladı yola salan tək  valideyn deyildi, orda ailənin üzvlərindən bir neçə nəfəri də var idi. Bu da istər-istəməz süni şəkildə məktəblərin qarşısında sıxlığa səbəb oldu. Baxmayaraq ki, Təhsil Nazirliyi bununla bağlı xəbərdarlıq etmişdi. Eyni zamanda, tövsiyə olunurdu ki, valideynlər məktəbə övladlarını qoyduqları zaman toplaşmasınlar, lakin valideynlər saatlarla orda yığışıb söhbət edirdilər. Əlbəttə, bunu başa düşmək olar. Hamı üçün məktəblərin açılması sevincli hadisədir. Amma biz tədrisin tamamilə uzunmüddətli davam etməsini istəyiriksə, hər hansı kəsintinin olmasını istəmiriksə, birmənalı şəkildə pandemiyanın qaydalarına riayət etməliyik. Qeyd edək ki, 29 sentyabrdan sonra digər siniflər tədrisə başlayacaq ki, bu da xeyli insan kütləsinin hərəkət etməsi deməkdir. Bütün bunların hamısı bizdən pandemiyanın qaydalarına riayət etməyi tələb edir. Düzdür, məktəblərdə dezinfeksiya işləri aparılıb, pandemiyanın digər qaydalarına riayət olunur. Bütün bunlara baxmayaraq, valideynlər də qaydalara riayət etməlidir".

Aynurə Pənahqızı