Distant təhsil saxlanılmalı idi

Nazirlər Kabineti "Formal təhsilin təşkili Qaydaları”na dəyişiklik edib. Bu Qaydalar formal təhsilin təşkili məsələlərini tənzimləyir. Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir. İndiyə qədər ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsilalma forması əyani olub. Dəyişikliyə əsasən, ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsilalma forması sırasına sərbəst (eksternat) təhsil forması daxil edilib. 
İndiyə qədər ümumi təhsil pilləsində qanunvericiliyə uyğun təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab edilir. Dəyişikliyə əsasən, stasionar təhsil də formal təhsil hesab ediləcək. Digər dəyişikliyə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsilinin distant formada təşkil olunmasına dair müddəa ləğv olunub.

Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki, əslində təhsilin əlçatanlığı təmin olunmayan uşaqlar üçün distant təhsil saxlanılmalı idi.  Ancaq çox təəssüf ki, saxlanılmadı və birbaşa  ənənəvi dərslərə keçid oldu: 

"Bəlkə də qarşıdakı dövr ərzində sırf həmin şəxslər üçün dərslər yenidən distant formada ola bilər.  Bunun üçün də əlbəttə ki, həmin şəxslərin müvafiq qurumlara müraciət etməsi vacib şərtdir. Əgər onlar həqiqətən də tədrisə ənənəvi qaydada qoşula bilmirlərsə, mütləq ki, distant formalı təhsildən yararlanmalıdırlar. Hazırda Təhsil Nazirliyinin teledərsləri davam edir. Həm rəsmi feysbuk hesabından, həm də televiziyalar vasitəsilə. Yəni dərsə qoşula bilməyən və ya dərsləri yaxşı mənimsəməyən şəxslər üçün imkan yaradılır ki, onlar ordan müvafiq mövzuları öyrənə bilsinlər. Hesab edirəm ki, ənənəvi qaydada tədris imkanlarından məhrum olan uşaqlar təhsil aldıqları müəssisəyə və ya Təhsil Nazirliyinə bununla bağlı müraciət göndərsələr, yəqin ki, o zaman onların xeyrinə bir qərar verilə bilər".  

Aynurə Pənahqızı