3-cü ixtisas qrupunda dəyişiklik! – “Abituriyentlər stress yaşayacaqlar”

Ekspert məlum dəyişikliyi müsbət qiymətləndirmir

“Çünki bu durum abituriyentləri əlavə yükə salmaqdır”

“Yenilik daha çox repetitorlara müsbət təsir göstərəcək”

3-cü ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.

Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.

Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Məlum dəyişikliklər barədə “Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, Nazirlər Kabineti tərəfindən Ali təhsil müəssisələrinə qəbul qaydalarına edilən dəyişikliyə əsasən, 2-ci qrupdakı “Regionşünaslıq və beynəlxalq münasibətlər” ixtisası, 3-cü qrupa salındı. Bundan sonra 3-cü ixtisas qrupunda dəyişiklik gözlənilən idi. Ekspert məlum dəyişikliyi müsbət qiymətləndirmədiyini söyləyib:

“Çünki bu durum abituriyentləri əlavə yükə salmaqdır. Dəyişikliklər daha çox repetitorlara müsbət təsir göstərəcək.

Şagirdlər orta ümumtəhsil məktəblərində coğrafiya fənnini oxuyurlar. Onlar bölgə və region barədə məlumatı imtahan vermədən də öyrənə bilərlər. Mövcud dəyişiklik abituriyentlərin daha çox fəndən imtahan verməsinə gətirib çıxaracaq.   Müsbət məqam odur ki, 3-cü qrup üzrə imtahan verənlərin ali məktəbə qəbul olma şansları artacaq və abituriyentlər əlavə olaraq coğrafiya fənnindən imtahan verməklə digər ixtisasları da seçə biləcəklər. Hətta coğrafiya fənninə nisbi bal məhdudiyyətinin tətbiq olunmayacağını nəzərə alsaq, sadəcə simvolik olaraq imtahanda iştirak etməklə öz şanslarını artıra bilərlər. Yəni imtahan verib coğrafiyadan sıfır bal toplasalar belə, bu durum onlara problem yaratmayaq. Ona görə hesab edirəm ki, coğrafiya fənninin artırılması imtahan prosesinə ciddi təsir göstərməyəcək”.

K.Əsədov qeyd edib ki, qərar bir az gec verilib və artıq oktyabr ayıdır, qəbul imtahanlarına 7-8 ay qalıb:

“Abituriyentlərə yeni stress yaşatmış olacağıq. Digər tərəfdən 3-cü ixtisas qrupunda balların qalxmamasına imkan yaranacaq. Çünki əlavə plan yerləri olacaq və coğrafiya fənninin əlavə edilməsi keçid ballarında ciddi artımın baş verməyəcəyi ehtimalının daha çox olduğunu deməyə əsas verir”.

 

--