62 məktəb distant təhsilə keçib - RƏSMİ


“Tədris ili başlayandan indiyə qədər 62 məktəb distant təhsilə keçib. Təxminən onlardan 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, əgər həmin göstərici bu cür davam etsə, təbii ki, növbəti həftələrdə tədrisin distant formada keçirilməsinə ehtiyac olmayacaq:

“Təhsil Nazirliyi məktəbdə koronavirusa yoluxma ilə bağlı vəziyyəti aidiyyəti qurumlarla birgə daima izləyir və nəzarətdə saxlayır”.

O qeyd edib ki, son həftələrdə yoluxmalarda müəyyən qədər sabitlik yaranıb:

“Pandemiya dövründə hər zaman şahidi olmuşuq ki, yoluxmalarla bağlı qeyri-müəyyənlik olur, yəni vəziyyət dəyişə bilir. Hazırkı dövrdə daha az məktəb və sinif distant təhsilə keçir, çünki yoluxma sayı aşağı olur.  Amma pandemiya hələ davam edir. Ölkə üzrə hər gün 1500-2000-ə aralığında yoluxma olur. Bunlar da yəqin ki, ölkədə vaksinasiya prosesinin getməsi ilə əlaqəlidir. Xüsusilə də təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik”.