Gərginlik artacaq

NATO hədəflərindən bir addım çəkilməyib

Rusiya isə Ukrayna və Gürcüstanı geri qaytarmaq uğrunda aktiv və sərt mübarizəyə girişib

NATO-nun Şərqə doğru genişlənməsi “soyuq müharibə”dən sonrakı eyforiya və yanlış təsəvvürlərin nəticəsidir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında deyib. Putin bildirib ki, NATO onun ölkəsinin sərhədlərinə yaxınlaşacağı təqdirdə, Rusiya hərbi-texniki tədbirlər görməyə hazırdır: “Qərbli həmkarlarımızın aşkar aqressiv xətti davam edərsə, biz adekvat hərbi-texniki tədbirlər görəcəyik və qeyri-dost addımlara sərt reaksiya verəcəyik. 

Mən vurğulamaq istəyirəm ki, bizim buna haqqımız var”. Kreml rəhbəri “soyuq müharibə”dən sonra NATO-nun Şərqə doğru genişlənməsindən təəccübləndiyini vurğulayıb. Xatırladaq ki, ABŞ gələn il üçün müdafiə büdcəsindən Baltikyanı ölkələrin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 175 milyon dollar məbləğində vəsait ayrılıb. Vurğulanıb ki, bu yardım Baltikyanı regionun təhlükəsizliyi NATO-nun təhlükəsizliyi nöqteyi-nəzərindən vacibdir. Məlumat üçün onu da bildirək ki, Rusiya Xarici İşlər Nazirliyi bir neçə gün öncə işgüzar müzakirələr üçün Vaşinqtona təqdim edilən saziş layihəsini dərc edib. Sazişdə tərəflərin bir-birinin təhlükəsizlik risklərini aradan qaldırmaq üçün nə etməli olduğu, həmin riskləri yaratmamaq üçün nələri etməməyi öhdəsinə götürdükləri qeyd olunub. Bütövlükdə Rusiya ABŞ-a müqavilə öhdəliyi təklif edir ki, postsovet respublikalarının NATO-ya üzv olmasına, onlarla ikitərəfli hərbi əməkdaşlığa və ya hərbi bazaların yerləşdirilməsinə imkan verməsin. 

Amerika-Rusiya gərginliyi ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, SSRİ-nin süqutundan sonra ABŞ-ın qarşısına qoyduğu ən önəmli hədəf Şərqi Avropa ölkələrini NATO-nun nəzarəti altına almaq olub. Politoloq vurğulayıb ki, ikinci hədəf isə keçmiş sovet respublikalarının Rusiyadan qoparılması idi:

 “Üç Baltikyanı respublika NATO üzvüdür. Ukrayna və Gürcüstanın hərbi alyansa üzv olması uğrunda mübarizə gedir. Bu prosesin bir  qədər də uzanacağı məlumdur. Rusiya Ukrayna və Gürcüstanı geri qaytarmaq uğrunda aktiv və sərt mübarizəyə girişib. Lakin Moskva prosesləri ancaq ləngidə bilər. Əslində ABŞ və Avropa ölkələri Şərqi Avropadan sonra Rusiya ilə aralarında keçmiş sovet respublikaları hesabına “bufer zona” yaratmağa nail olublar. Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqı faktiki olaraq kağız üzərində olan qurumdur. Bu respublikalar, o cümlədən Rusiyanın əyaləti kimi görünən Ermənistan da artıq KTMT-yə inanmır. Qurumun formal xarakter daşıdığını etiraf edir”.

V.Əfəndiyevə görə, Rusiyanın təkbaşına Çin və ABŞ-ın təzyiqlərinə nə qədər tab gətirəcəyini zaman göstərəcək: “Bəzi ekspertlər Rusiyanın Çinlə yaxınlaşma proyektindən danışaraq bu ittifaqı perspektivli görsələr də reallıq tamam başqadır. Çin və Rusiya çox ciddi şəkildə Qərb texnologiyasından asılıdır. Çinin ilk baxışdan ucuz və kütləvi istehsalı dünya bazarında dominant görünə bilər. Amma keyfiyyət baxımından Qərb texnologiyasından geridədir. Avropanın qaz ehtiyatlarının 30 faizinin Rusiyanın ödəməsi heç də Putin üçün əlavə üstünlük qazandırmır. Valyutaya böyük ehtiyac duyan tərəf Rusiyadır. İnkişaf və perspektiv üçün isə ən müasir texnologiya lazımdır. Rusiya və Çin tərəqqi üçün əsaslı və etibarlı bünövrəyə malik deyil”.

Siyasi şərhçi vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı ciddi təzyiqləri və hərbi müdaxilə hədələri Zelenskini geri addım atmağa sövq etməyəcək: 

“Ukraynanın eks-prezidentinə qarşı cinayət işi qaldırılıb. Onu Rusiya ilə əməkdaşlıqda günahlandırırlar. Tələsik ölkəni tərk edən Poroşenko geri qayıdacağını desə də, onun üçün həbs təhlükəsi var. Ukrayna Rusiya təhlükəsini gözə alıb. Hətta mümkündür ki, Kiyev Gürcüstan variantında olduğu kimi şərq ərazilərinin bir qismini de-yure itirməyə də razılıq versin”.