İmtahan Mərkəzi doğru qərar verib

Kompüter və İT ixtisasını seçənlər kimyadan deyil, informatikadan imtahan verəcəklər

Osman Gündüz: "Ali məktəblərə qəbul olanların rəqəmsal səviyyəsi xeyli artacaq"


“İki ildən sonra ölkədə ilk dəfə kompüter və İT ixtisası seçənlər informatikadan imtahan verəcəklər”. Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert bildirib ki, uzun illərdir bu ixtisası seçənlər kimyadan imtahan verirdi. Nəhayət, uzun zaman davam edən ictimai müzakirələrdən, müraciətlərdən sonra bu il Dövlət İmtahan Mərkəzi qərar verib ki, 2023-cü ildə qəbul  imtahanı informatikadan olacaq:

 “Bu qərar çox gec qəbul edilsə də, doğru və əhəmiyyətlidir. Ölkənin gələcək rəqəmsal mühitinə və transformasiya prosesinə, İT kadrların hazırlanmasına, rəqəmsal savadlılığın inkişafına  bu qərar çox ciddi təsir edəcək. Ali məktəblərə qəbul olanların rəqəmsal səviyyəsi xeyli artacaq.

 Dövlət İmtahan Mərkəzi qərarın icrası istiqamətində hazırlıqlara başlayıb, işçi qrup formalaşdırıb. İnformatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlanıb. Proqramda prinsipial məqam ondan ibarətdir ki, mövzular Təhsil Nazirliyi tərəfindən informatika istiqamətində gerçəkləşdirilən müxtəlif layihələr əsasında deyil, doğru olaraq V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular əsasında hazırlanıb. 2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər, müəllimlər, maraqlı tərəflər bu proqram əsasında imtahana elə indidən hazırlaşa bilərlər”. 

O.Gündüz vurğulayıb ki, bütün maraqlı tərəflər, DİM, TN, məktəblər, şagirdlər, valideynlər və kurslar informatikadan imtahan hazırlığına ciddi hazırlaşmalıdır: 

“İnformatikanın tədrisinin yaxşılaşması, müəllimlərin və şagirdlərin hazırlığının yüksəldilməsi üçün TN, məktəblər və valideynlər bu sahəyə resurslar ayırmalıdır. 

Təmayülləşmə inkişaf etdirilməlidir. Sınaq imtahanlarının sayı artırılmalıdır. Artıq sosial mediadan da görünür ki, valideynlər daha hazırlıqlı informatika müəllimlərinin axtarışına başlayıblar. 

Mövcud hazırlıq kursları, repetitorlar da bu məsələni gündəmdə saxlamalı, informatikadan hazırlıqlara başlamaq üçün zəruri olan addımlar atılmalıdır”.